EN

Həssas qruplara qayğı artır

Sosial Xidmətlər Agentliyinin və Sosial Dəstək Mərkəzinin fəaliyyətinə həsr olunmuş infosessiyada əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın icrası sahəsində aparılan ardıcıl işlərin önəmini qeyd edib.

Müzakirələrdə sosial xidmətlərin əhatəsinin genişlənməsi, həssas qrupların sosial xidmətlərə əlçatanlığının artırılması, bu sahədə ixtisaslı kadr potensialının formalaşdırılması innovativ həllərin tətbiqinin və s. əsas hədəflərdən olduğu bildirilib. Ötən il agentliyin 21 müəssisəsində 3 min 356 nəfərə xidmət göstərildiyi, 15 min 800 nəfərin reabilitasiya ilə əhatə olunduğu qeyd edilib. Son bir ildə agentliyin 4 min 500-dən çox tənha ahıl və əlilliyi olan şəxsə evlərində xidmət göstərdiyi, 271 repatriantla reabilitasiya işi apardığı diqqətə çatdırılıb. Məişət zorakılığından zərər çəkmiş, penitensiar müəssisələrdən azad olmuş şəxslər və digər həssas qruplara göstərilən xidmətlərdən, övladlığagötürmə və “Himayədar ailə” qayğı modelinin tətbiqi sahələrində görülən işlərdən də bəhs olunub.

Bildirilib ki, hazırda Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 5 sosial xidmət mərkəzi fəaliyyət göstərir. Bu il paytaxt və bölgələrdə daha 5 belə mərkəz, bir sıra bölgələrdə isə günərzi qayğı mərkəzləri yaradılacaq. Qurulmaqda olan “Sosial işin idarə edilməsi” elektron sistemi bu il istifadəyə veriləcək. İnfosessiyada Sosial Dəstək Mərkəzinin şəhid ailələri, dövlət uşaq müəssisələrinin məzunları, ahıl və əlilliyi olan şəxslər, digər həssas qruplarla bağlı həyata keçirdiyi layihələrdən bəhs olunub.

Daha sonra gender əsaslı məişət zorakılığı hallarının qarşısının alınması tədbirləri çərçivəsində mərkəzin apardığı işlər diqqətə çatdırılıb. Sosial Dəstək Mərkəzinin reinteqrasiya yönümlü tədbirlərini davam etdirdiyi vurğulanıb. Qurumun çətin tərbiyə olunan uşaqlarla sosial pedaqoji işin təşkili, valideynlik bacarıqlarının artırılması ilə bağlı çoxfunksiyalı müdaxilə, aztəminatlı ailələrin övladlarının təhsilinə dəstək yönümlü layihələrdən bəhs olunub.

Qeyd edilən sahələrdə görülən işlər və qarşıda duran vəzifələr ətraflı müzakirə edilib.

Zərifə HÜSEYNOVA
XQ

Chosen
7
xalqqazeti.az

1Sources