Bakıda işlədiyi evdən 100 min manatdan çox dəyəri olan qızıl oğurlayan xadiməyə hökm oxunub.
Turanpress.org qaynarinfo.az-a istinadən xəbər verir ki, 1993-cü ildə Xaçmaz rayonunda anadan olmuş Z.V. adlı qadının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, Z.V. xadimə kimi çalışdığı Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində yerləşən 3 mərtəbəli həyət evinin 3-cü mərtəbəsində yerləşən qonaq otağının dolabından 115.450 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.
Təqsirləndirilən şəxs həmin villada 2023-cü ilin sentyabr ayından 2024-cü ilin fevral ayının sonlarına qədər çalışıb. O, ev sahibinin ölkə xaricində olmasından istifadə edərək oğurluq hadisəsini tərədib.
Qadın oğurladığı qızılları metronun "Xalqlar Dostluğu" və "Neftçilər" stansiyalarının yaxınlığında yerləşən 3 lombarda satdığı da məlum olub.
Məhkəmənin qərarı ilə Z.V.-ya 4 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.