EN

Serbiyada vəziyyət gərginləşir – 100 min insan ayağa qalxdı

Serbiyada ötən ilin noyabr ayında başlayan etiraz aksiyaları ölkədə gərginliyi artırıb.

Modern.az xəbər verir ki, şənbə günü paytaxt Belqradın küçələrinə 100 mindən çox insan çıxıb.

Bu, noyabr ayından bəri ölkədə davam edən ən böyük etiraz aksiyası olub. Hərəkatın əsasını tələbələr təşkil etsə də, müəllimlər, fermerlər və digər vətəndaşlar da aksiyalara qoşulub.

Tələbələrin əsas tələbi 2024-cü ilin noyabrında Novi Sad şəhərində baş vermiş faciənin araşdırılmasıdır. Həmin hadisədə yenicə təmir olunmuş dəmir yolu vağzalının damı çöküb və 15 nəfər həlak olub. Etirazçılar bunun səbəbini korrupsiyada görür və təmir işlərinə dair bütün sənədlərin ictimaiyyətə açıqlanmasını tələb edirlər.

Aksiyaların mərkəzi Belqrad parlamentinin binası önüdür. Bu səbəbdən təhlükəsizlik tədbirləri gücləndirilib və parlament binası üç günlüyünə bağlanıb. Aksiya başlamazdan əvvəl polis Belqradda 30 minə yaxın insanın toplaşdığını bildirmişdi, lakin təşkilatçılar bu sayın 100 mini keçdiyini iddia edirlər.

Aksiya iştirakçıları arasında fermerlər də var. Onlar traktorlara minib Belqrada doğru irəliləyiblər. Qanunla şəhərdə traktorların hərəkəti qadağandır, lakin etirazçılar bu qaydaları pozaraq mərkəzi küçələrə çıxıblar. Keçən həftə polis traktorlara mane olmağa çalışsa da, bir neçə saat sonra onların girişinə icazə verib.

Tələbələrin yürüşü ölkənin müxtəlif bölgələrindən Belqrada qədər uzanıb. Ən uzun yolu Niş şəhərindən gələn bir qrup tələbə qət edib – onlar 193 km məsafə qət edərək paytaxta çatıblar. Yolda etirazçılar hökumət tərəfdarı olan şəhər və kəndlərə baş çəkib, yerli əhalini öz mövqelərini dəstəkləməyə çağırıblar.

Serbiya prezidenti Aleksandar Vuçiç martın 15-də keçirilən mitinqdən sonra 56 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib. O əlavə edib ki, polis 22 etirazçını saxlayıb.

Serbiya prezidentinin sözlərinə görə, saxlanılan şəxslər polis əməkdaşlarına da hücum ediblər. Vuçuç, həmçinin bildirib ki, Serbiya hakimiyyəti “mesajı alıb: dəyişmək lazımdır”.

Qeyd edək ki, son günlər hökumət tərəfdarları da meydanlara çıxıb. Prezident Vuçiçi dəstəkləyən bir qrup Pioner Parkında çadırlar quraraq "Studenți 2.0" adlı hərəkat yaratdıqlarını bildiriblər. 

Ümumilikdə son günlər Belqradda gərginlik artır. Etirazlardan bir neçə saat əvvəl şəhərin Jarkovo rayonunda naməlum şəxs BMW avtomobili ilə aksiyaya toplaşan insanların üzərinə sürüb və üç nəfəri yaralayıb. Polis sürücünü saxlayıb, lakin hadisənin motivi hələ ki, açıqlanmayıb.

Prezident Vuçiç etirazları qeyri-qanuni adlandırıb və hökumətin asayişi təmin edəcəyini bildirib. O, "heç bir təzyiqə boyun əyməyəcəyini" və "Serbiyanın küçələrin deyil, dövlətin qaydaları ilə idarə olunacağını" bəyan edib.

Etirazların miqyası Serbiya üçün tarixi əhəmiyyət daşıyır. Qeyd edək ki, etirazlardan sonra Serbiyanın baş naziri Miloş Vuçeviç yanvar ayında istefa verdiyini açıqlayıb. Lakin parlament onun istefasını hələ də təsdiqləməyib və bu proses davam edir.

Ekspertlər yazıb günlərdə vəziyyətin daha da gərginləşəcəyini düşünür.

Chosen
19
18
modern.az

10Sources