EN

Bakı Novruzu qarşılayır- FOTOREPORTAJ

Bakı, 17 mart, AZƏRTAC

Hər səhər üfüq köynəyini yararaq mavi Xəzərin üzərindən boy göstərən Günəş ilıq şəfəqlərini şəhərə paylayır. Budaqdan-budağa, ağacdan-ağaca qonan quşlar səhər nəğmələri oxuyur, pəncərələrdən evlərə qaranquş nəğmələri axır. Qar havası təzəcə çəkilən yaşıl çəmənlərdəki otlar cücərir, gül-çiçəklər ləçək-ləçək, qönçə-qönçə boy atır. Eyvanın pəncərələrindən səmənili evlərə təmiz hava dolur. Təbiətə yaz, yurdumuza Novruz gəlir!

Bakı xalqımızın ən əziz bayramlarından olan Novruzu qarşılamağa hazırlaşır. Paytaxtın parkları, xiyabanları, prospektləri, küçə və yolları milli mədəniyyətimizin və mənəvi dünyamızın ən zəngin bayramının gəlişi münasibətilə bəzədilib, şəhərdaxili yollardakı dairələrdə qırmızı qurşaqlı səməni atributları quraşdırılıb. Dənizkənarı Milli Park, Qız qalasının ətrafı, Azneft meydanı, Neftçilər prospekti, Cavanşir körpüsü, istirahət və gəzinti məkanları bayram libası geyinib, hər yerdə Novruz atributları göz oxşayır.

Mərkəzi küçələrdə rəngarəng işıqlandırmalar quraşdırlıb. İctimai iaşə və xidmət obyektlərinin vitrinləri, köşk və dayanacaqlar, elektrik dirəkləri bayramsayağı bəzədilib. Obyektlərin qarşısına yeni gül dibçəkləri düzülüb, park və çəmənlərə yeni gül-çiçəklər, ağaclar əkilib. Gediş-gəlişin sıx olduğu metro stansiyalarının yaxınlığında çadırlar qurulub, açılan bayram yarmarkaları əhaliyə öz xidmətini təklif edir.

Novruz yaşıllıq, dirilik, bolluq, bərəkət, xeyirxahlıq bayramıdır. Onun qədəmləri ana torpağın sinəsinə dəyən kimi hər şey görkəmini dəyişir, gözəllik, təmizlik, xoşbəxtlik taxta çıxır.

AZƏRTAC-ın fotomüxbirləri Novruz libaslı Bakının bayramqabağı lövhələrini lentə alıblar.

Qoy bu bayramın qədəmləri də Zəfərə qovuşmuş xalqımıza xoşbəxtlik və səadət gətirsin, ocağımız yanar, qazanımız qaynar, süfrələrimiz ruzili-bərəkətli olsun! Pis gözlər, bədxah nəzərlər Novruz tonqallarında çırtaçırt alışıb yansın!

Azərbaycanda “Konstitusiya və süverenlik İli” adlandırılan 2025-cü il dünyamız, xalqımız üçün yaşıl-yaşıl arzu və ümidlərin al-əlvan çiçəklər açdığı il olsun!

Chosen
25
1
azertag.az

10Sources