Naxçıvan Muxtar Respublikasında 18 Mart – Çanaqqala Zəfərinin 110-cu ildönümü münasibətilə tədbir keçirilib.
APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında keçirilən anım mərasimində Türkiyə Cümhuriyyətinin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-mayor Kənan Seyidov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli, Naxçıvan şəhər İcra başçısı Cabbar Musayev, ictimaiyyət nümayəndələri, Naxçıvanda təhsil alan türkiyəli tələbələr iştirak ediblər.
Mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçıları türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyub.
Çanaqqala şəhidlərinin, eyni zamanda torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İki ölkənin Dövlət himnləri səsləndirilib.
Anım tədbirində Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya çıxış edib. Konsul qeyd edib ki, tarixi qəhrəmanlıqlarla dolu olan millətimiz 110 il əvvəl Çanaqqalada böyük bir tarix yazıb və torpaqlarımızın işğalına heç vaxt razı olmayacağını dünyaya nümayiş etdirib.
Tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər.





