EN

Region universitetlərinə marağı necə artıraq?

Abituriyentlər arasında region universitetlərinə maraq hər keşən il daha azalır. Əsasən aşağı bal toplayan abituriyentlər bu universitetlərə yönləndirilir, bəzən boş qalan yerlərin sayı daha çox olur.

Ekspertlər hesab edirlər ki, region universitetlərinə marağı artırmaq üçün təhsil proqramları yenilənməli, müəllim heyətinin səviyyəsi yüksəldilməli və təqaüd imkanları genişləndirilməlidir. Bundan əlavə, tələbələrin yaşayış şəraitinin yaxşılaşdırılması da vacib şərtlərdən biridir.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov bildirib ki, tələbələrin əksəriyyətinin Bakıda olması təbii haldır, çünki ali məktəblərin böyük əksəriyyəti buradadır:

“Tələbələr də buna görə burada oxumalıdır. Bölgələrdə tələbə sayını artırmaq üçün bölgələrdəki ali məktəb sayını artırmaq lazımdır. Beləcə Bakıdakı sıxlıq da aradan götürülmüş olar. Bu istiqamətdə arzular, istəklər, planlar var. Təbii ki, hökumət də bu istiqamətdə düşüncə sahibidir”.

Onun sözlərinə görə, yaxın illərdə bu istiqamətdə işlər görülməlidir və görüləcək:

“Bu sıxlıq hamı üçün, işə gedənlər, tələbələr, sakinlər üçün problem yaradır. Ona görə də bu düşünülür və bu istiqamətdə yaxın illərdə uğurlu işlər olacaq. Ali məktəblərin köçürülməsi 1 ilin, 6 ayın məsələsi deyil. Yeni bina tikilməli, infrastrktur hazırlanmalıdır. Yay, qış, soyuq, isti, yol nəzərə alınmalıdır. Bu qısa müddətin işi deyil. Dünyanın hər yerində belədir. Çoxillik təcrübə var, Azərbaycan tərəfi də təcrübəyə əsasən bu istiqamətdə işlərini görəcək”

Təhsil eksperti Kamran Əsədov isə qeyd edib ki, hazırda ölkənin 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır, o tələbələrin 130 minə qədəri paytaxt Bakının payına düşür:

“Paytaxt Bakı ona görə cəlb edicidir ki, burada müəyyən şərait var. Hesab edirəm ki, biz regionların sosial-iqtisadi inkişafını, yeni iş yerlərinin açılmasını istəyiriksə, bölgələrdə olan universitetlərin plan yerlərini artırmalı, Bakıdakı universitetlərin plan yerlərini azaltmalıyıq. Amma bu heç də bütün ixtisaslara aid deyil. Bütün ixtisaslar üzrə bölgələrdə tələbə qəbulu həyata keçirə bilmərik. Məsələn tibb və hüquq təhsili bölgələrdə effektiv olmayacaq. Çünki həmin infrastruktur paytaxt Bakıdadır".

Ekspert bildirib ki, əmək bazarında pedaqoji ixtisasların paytaxt Bakı olması ilə regionlarda olmasının heç bir fərqi yoxdur:

"Ona görə də pedaqoji ixtisaslar Bakıda azalmalıdır, həm də ciddi rəqəm olaraq. Bu ixtisasları bölgələrdə olması tədrisi zəiflətməyəcək. Yaxud da turizmlə bağlı ixtisasları turizmin inkişaf etdiyi bölgələrə apara bilərik. Amma məsələn neft-qaz mühəndisliyi ilə bağlı ixtisasları bölgələrə versək bölgədə elə bir universitetimiz yoxdur. Əvəzində Sumqayıt Dövlət Universitetinin plan yerini, imkanlarını artırmalıyıq. Məsələn Bakı Dövlət Universitetinin Qazax filialında filoloji və pedaqoji ixtisaslara yer vermək lazımdır.

Biz baxmalıyıq ki, ali təhsil müəssisələri nə qədər kadr hazırlaya bilir. İdman ixtisası üzrə paytaxt Bakıya bu qədər tələbə qəbul etməkdənsə bölgələrdəki ali təhsil müəssisələrində də idmanla bağlı ixtisaslara yer verməliyik. Bölgələrdə kompüter və İT ixtisaslarını tədris edəcək mütəxəssislər o qədər çox deyil, amma əvəzində digər ixtisasları bölgələrə verə bilərik. Burada ən vacib məsələ paytaxtın yükün azaltmaqdır. Bunu da bölgələrdəki universitetlərdə tələbə qəbul sayını artırmaqla həyata keçirə bilərik”.

Chosen
2
1
bakivaxti.az

2Sources