EN

Ekranın məhv etdiyi  şagirdlər - Təhsil həm də belə ölürmüş... - TƏHLİL

Virtual çıxılmazlıq məngənəsində

Dünya təhsilində hazırda çox paradoksal mənzərə yaşanmaqdadı: mütəxəssislər bir tərəfdən təhsildə rəqəmsal transformasiyanın tətbiqinə can atır, digər yandan isə onunla ciddi şəkildə mübarizə aparırlar. 

Dünyanın nəhəng təhsil ölkələri tədris prosesini rəqəmsal transformasiyasız təsəvvür edə bilmirlər. Çünki gələcəyin (elə indinin də) əsas təhsil modeli olan rəqəmsal təhsil bir neçə keyfiyyətinə görə tədris prosesinə müsbət təsir etmək gücündədir: 

Zaman və məkan amili və onların əks təsirlərinin  təhsil prosesi üçün zərərsizləşdirilməsi – Bugün məhz rəqəmsal alətlərin, ağıllı cihazların, bir sözlə, sehrli ekranın hesabına təhsil zaman və məkan kateqoriyalarını üstələyir. Öz varlığını ekranın sayəsində zaman və məkanın o üzündəki istifadəçi üçün təsdiqləyir. Dövrün onlayn təhsili məkan və  zaman uğrunda qələbə deyilmi? 

Fərdi yanaşma- Burada içində olduğumuz klassik pedaqoji mühitdən (qısaca desək, sinif otağından) fərqli olaraq, hansısa şagird ön, bir başqası arxa planda qalmır. Ekranın içindəki pedaqoji mühit onların hər birini eyni dərəcədə qiymətləndirir. “O tay”la “bu tay” arasında yalnız şagirdin öz intellektual dünyası, informasiya selindəki sehrli məkan və müəllim var. O özünütəsdiq üçün diqqət növbəsində gözləmir. Diqqəti psixoloji durumunun müxtəlif situasiyaları üçün xərcləmir. Ekran bunu ona qətiyyən möhtac etmir. Eləcə də ekran onun üçün mütləq və mütləq fərdi yanaşma təmin edir. Süni intellekt vasitəsilə hər bir şagird üçün fərdi ehtiyaclarına uyğun tədris proqramları hazırlanır; 

Məlumatlara çıxış və seçim zənginliyi – Ekran şagirdə mövzu ilə bağlı istənilən sayda mənbəni göstərə və onu asanlıqla dərs prosesinə hazırlaya bilir. O Şərq nağıllarındakı əmrə müntəzir cin kimi verilən tapşırığı anındaca qavrayır və şagird üçün də yüzlərlə seçim şansı təqdim edir; 

Lakin medalın o biri üzündəki ekran həm də şagirdin pərdəarxasındakı düşməni rolunu da oynaya bilir. O özü-özlüyündə bir seçimdir. Bugün onun hər hansı şagird üçün dost və ya düşmən olması, elə o şagirdin öz seçimindən, öz yanaşmasından asılıdır. Şagirdlər isə təəssüf ki, daha çox düşmən qazanmağa üstünlük verirlər. Beləliklə də, təhsili yeni modellər əsasında qurmalı olan EKRAN, əksinə, onun keyfiyyətini aşağı salıb, şagird zehniyyətini zədələməli oldu. O səbəbdəndir ki, mütəxəssislər təhsildə  rəqəmsal transformasiyaya qaçdıqları kimi, bir tərəfdən də təhsili elə onun özündən qorumaq yolları barəsində düşünürlər.  

Virtual ekranla döyüş 

Təsadüfi deyil ki, dünyanın bir çox ölkələri məktəblərdə şagirdlərin mobil telefon, eləcə də bütün növ smart cihazlardan -qısaca desək, ekrandan-istifadəsinə qadağa qoyub. ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Avstraliya, İsveç, İtaliya, İspaniya, Cənubi Koreya və s. kimi ölkələrdə məktəblilərə dərs prosesi zamanı həm mobil telefon, həm də bütün növ ağıllı cihaz qadağası artıq vacib tədris qaydalarından birinə çevrilib. Xüsusən də Avropa ölkələrində bu qadağanı tədris prosesi zamanı diqqətin yayınması, şagirdlərin izafi informasiya axınına məruz qalması, biliklərin qiymətləndirilməsi zamanı yardımçı vəsait kimi istifadə edilməsi, o cümlədən təhlükəsizlik kimi faktorlarla əsaslandırırlar. 

Bəzi ölkələrdə isə məktəblərdə ağıllı cihazların qadağasından sonra tədris keyfiyyətində hər hansı dəyişikliyin olub-olunmaması analiz edilir. Bu analizlərin aparıldığı bir çox ölkələrdə telefon və smart əşyaların qadağasından sonra keyfiyyətin həqiqətən də artması müəyyənləşib. 

Virtual dünyanın, smart əşyaların, obrazlı şəkildə desək, sehrli ekranın şagirdə vurduğu zərbələri aşağıdakı şəkildə qruplaşdıra bilərik: 

Şagirdi informasiya xaosuna salır. İnformasiya seli şagird zehnində düzgün idarəolunma, balans yaradabilmə bacarığı olmadıqda qarşısıalınmaz xaosa çevrilir. Şagirdin zehni inkişafına təkan verməli olan informasiya nizamsız və aramsız  şəkildə qəbul olunduğu zaman zehni emaldan da doğru-düzgün keçib,  beyin üçün lazımı aqreqata çevrilə bilmir. 

Bu səbəbdən də dünyanın bir çox ölkələrində (ABŞ, Kanada) şagirdlərə həm də informasiyanın düzgün istifadəsi vərdişlərini də elə məktəbdə oxuduğu dövrdə çatdırırlar. Media savadlılığı dərsləri sırf bu səbəbdən çox vacibdir və bizim məktəblərdə də tədris olunmalıdır. Bu barədə az sonra daha ətraflı söhbət açacağıq; 

Pedaqoji prosesi zədələyir- Özü də bir yox, bir neçə istiqamətdən dərsin təşkilinə öldürücü zərbə vurur. Bu zədələmənin müxtəlif variasiyaları var. Məsələn, virtual ekran diqqətin fokuslanmasına mane olduğu kimi, onun sonradan azalmasına, zəifləməsinə də səbəb olur. Çünki zehni proses olan diqqət virtual ekranın ona ötürdüyü saysız informasiya selində öz verimliliyini qoruya bilmir. Virtual dünya çox zaman şagirdə ev tapşırığını, yaxud hansısa məsələnin həllini hazır şəkildə yolladıqda şagird burada heç bir diqqət məşqlərindən istifadə etmir. Nəticədə diqqətin toparlanması və fokuslanması vərdişləri getdikcə öləziyir. 

Tənqidi düşünmə və analitik təhlil bacarıqlarının zəifləməsi – bu yazıda məsələyə psixoloji, tibbi deyil, sırf təhsil aspektindən yanaşdığımız  üçün ciddi təhlükə hesab etdiyimiz bir başqa məqamı da mütləq deməliyik. Ardıcıllıqla gəlsək, ekran şagirddə diqqətın fokuslanmasına, onun faydalı iş əmsalına nə dərəcədə ciddi zərbə vurursa, bir o qədər də şagirdin analitik düşüncə qabiliyyətinə, tənqidi mühakimə keyfiyyətinə mənfi təsir göstərmiş olur. Çünki ekran alfa nəslinin uşağı olan bugünkü şagirdi imkanlarından istifadə edərək özündən asılı vəziyyətdə saxlayır. Bu həm psixoloji, həm də zehni baxımdan şagirdi uçuruma doğru aparsa da, yaşadığı komfort zonadan çıxmaq istəməyib asılılığını davam etdirir. Nəticədə proseslərin sonucunda çağdaş təhsilin əsas tələbi olan mühakimə bacarığı, problemləri həll etmə metodları, tənqidi təhlil şagirddən xeyli uzaqda dayanmış olur. Buyurun, bu da ekranın bir başqa “faydası”. 

Amma təbii ki, bunlar da hələ hamısı deyil. Ekran bu gün bizim şagirdlərdən insan üçün, öyrənən bir fərd üçün ən dəyərli xəzinəni oğurlayır-Yaddaşı! Ekranla çox təmasda olub, ondan asılılığı qəbul edən şagird avtomatik olaraq məlumatların əldə olunması və qorunması məsələsində də işin asan tərəfində qaçmalı olur. Bu zaman isə yaddaşın daha da itilənməsi əvəzinə onun kütləşdiyini, sonra daha da öldüyünün fərqinə varır. Xeyr, əslində fərqinə vara da bilmir. Çünki virtual ekranın sehri onun üçün yaddaşın bir canlı orqanizm, bir fərd olaraq vacibliyini ikinci plana atır; 

“Təhsil üçbucağı” arasındakı qarşılıqlı ünsiyyətin məhvi – Təhsil üçbucağının hər üç tərəfi-müəllim, şagird, valideyn bir-birilərilə əyani sürətdə ünsiyyət saxlamadıqda tədris prosesi bir enerji olaraq ilk növbədə buradakı ən təcrübəsiz tərəf-şagird üçün ölür. Virtual dünya, sehrli ekran isə bu üç tərəfi bir-birindən uzaqlaşdırmaqla, təhsil amilinin mənəvi energetikasına, məsuliyyətlilik prinsipinə ciddi zərbə vurur. Bu səbəbdəndir ki, son illərdə şagird-şagird, şagird-müəllim, eləcə də müəllim-valideyn tərəfləri arasında uğursuz ünsiyyət və davranış hallarının getdikcə artığının şahidi oluruq. 

Məntiqi düşüncəni öldürən ekran 

Amma bütün bunları bir kənara qoyub (əgər bu, mümkün olarsa...) daha ciddi bir məsələyə xüsusi diqqət yetirək: bu ağıllı cihazların, mobil telefonların şagirdlərdə tənqidi düşünmə bacarıqları, mühakimə qabiliyyətlərinə vurduğu mənfi təsirlərdir. Həmin təsirləri ağırlıq dərəcəsinə görə aşağıdakı cədvəldə qruplaşdıraq. 

CƏDVƏL-1. Ağıllı cihazların şagirdlərdə məntiqi təfəkkür bacarıqları, mühakimə qabiliyyətlərinə vurduğu zərərlilik dərəcələri
 

  Ağır dərəcəli zərbənin vurulduğu kriteriyalar

 Orta ağır dərəcəli zərbənin vurulduğu kriteriyalar

1.Dərin təhlil və ciddi tədqiqatdan yayınma-Virtual ekran tapşırıq həllini anında təqdim etdiyi üçün şagird davamlı prosesin nəticəsində dərin təhlil qabiliyyətini itirir

1.Düzgün tədris  məşğuliyyətinin pozulması–(Düzgün tədris məşğuliyyəti dedikdə bir dərs prosesində sual-cavab, interraktiv iştirak, kollektiv müzakirəni nəzərdə tuturuq).

2.Yaradıcı düşüncənin məhvi

2.Əyani sorğu prosesinin tədrisdən uzaqlaşması.

3.Parçalanmış diqqətlə nəticənin çıxarılması;

3.Passiv öyrənməyə meyillilik

4.Davamlı analiz bacarıqlarının məhvi

4.Pedaqoji ənənələrin iflası;

5.Səthi səviyyədə anlama.

5.Qiymətləndirmə prinsoplərində anlaşılmazlıq

6.Təqlidə meyillilik hallarının artması

6.Şagirdi hissi dünyadan uzaqlaşması

 Əsas çıxış yollarından biri -İnformasiya savadlılığı dərsi 

İstər UNESCO-nun sənədlərində, istərsə də dünyada təhsillə bağlı gələcək strateji hədəflərdə bir neçə prioritet istiqamətlər var. Burada aparılan tədqiqatlara əsasən uşaqlarda müasir dünya və gələcək naminə səriştələrin formalaşması, onların şəxsiyyətyönümlü insan kimi yetişdirilməsilə bağlı bir neçə istiqamətin əhəmiyyəti vurğulanır. Bura daxildir: mədəniyyətlərarası kommunikasiya, rəqəmsal bacarıqlar, kritik düşüncə, innovativlik, adaptivlik. Bunların hamısı orta məktəblərdə tədrisi vacib olan və təhsildə səriştə meyarının inkişafına gətirib çıxaran şərtlərdir. Bizim təhsil sistemində isə bunlar arasından sadəcə rəqəmsal bacarıqların tədrisi tətbiq edilir. Amma hesab edirəm ki, ən vacibi media savadlılığının tədrisidir. Təsadüfi deyil ki, hazırda UNESCO, NATO, Avropa İttifaqının sənədlərində media savadlılığı təhslinin çox vacib olduğu vurğulanır. 

Media (informasiya) savadlılığını informasiya axını və mənbələri ilə qarşılıqlı əlaqə qurma, axtarış aparma, təhlil etmə, tənqidi qiymətləndirmə və media mətnləri yaratmaq qabiliyyəti kimi də anlaya bilərik. Görün, media savadlılığı özündə nə qədər detalı əks etdirir. UNESCO-nun sənədlərində media təhsilinin əsas funksiyası insan hüquqlarının dəstəklənməsi, şagirdlərin sülh, ədalət, azadlıq ruhunda formalaşması kimi göstərilir. 

Burada “media” dedikdə sadəcə informasiya ilə işləyən kəsimi nəzərdə tutmamalıyıq. Bu gün əlində mobil telefon olan hər kəs media subyektidir. Şagird gələcəkdə milyonlarla informasiya axınında özünü şəxsiyyət kimi formalaşdırmalıdır. Bu zamanda həyati tətbiq əhəmiyyəti olmayan fənlər heç kimə lazım deyil. Azərbaycanda gələcəyin fənləri məhz bunlardır, media savadlılığıdır. Avropada artıq tətbiq edilir. 

XXI əsrdə media təhsili dedikdə mətbuatla ünsiyyətin formalaşması ilə yanaşı, şagirddə kritik düşüncə, yaradıcı və kommunikativ bacarıqların inkişafı media mətnlərinin təhlili kimi bacarıqların formalaşması nəzərdə tutulur. Media savadlılığının fənn olaraq məktəblərdə tətbiqi gələcək üçün şəxsiyyətin yetişdirilməsində vacib amildir. Bunun Azərbaycanda olması nəinki vacibdir, biz hətta bunda gecikmişik. Doğrudur, resurs və kadr çatışmazlığı var. Amma rəqəmsal bacarıqların tətbiqinə başlayan zaman da bu problemlər vardı. Bu fənnin tədrisi istiqamətində müəyyən addımlar atılmalıdır”. 

 Bəs nə etməli? 

Təhsilimizin problemi az imiş kimi,  biri də bu yandan çıxdı-Ekran dərdi... Bugün virtual ekran, smart cihazların təhsilə faydası qədər, zərərləri də göz önündədir. Onların hələ çox cüzi hissəsinə toxuna bildik. Yaxşı, bəs belədirsə, o zaman nə etməli? 

  • Orta ümumtəhsil məktəblərinin hamısında mobil telefon və digər ağıllı cihazlardan kütləvi istifadə qadağan edilməli, lakin dərs müddətində zəruri hallarda istisnasız, adi hallarda isə dərs bitənədək şagirdə telefondan ən azı 2 dəfə istifadə etmələrinə şərait yaradılmalıdır;
  • Bu məsələdə istər texniki, istərsə də təşkilati anlamda xarici təcrübədən yüksək səviyyədə yararlanmalı, onların məktəbdaxilində mobil, smart cihazlardan istifadə mexanizmləri bizdə də tətbiq olunmalıdır;
  • Orta məktəblərdə şəffaflığın qorunması üçün bütün mobil telefonlar xüsusi hazırlanmış saxlanc yerlərində saxlanmalı və məktəbin təşkilati-texniki heyətindən konkret iki nəfər həmin cihazların təhlükəsizliyinə şərait yaratmalıdır;
  • Mobil və smart cihazların saxlanıldığı xüsusi saxlanc yerləri 24 saat kamera nəzarəti altında olmalıdır;
  • Bilirik ki, texnoloji inkişaf, süni intellekt dövründə məktəb daxilində smart cihazlarsız da ötüşmək mümkün deyil. Bunun üçün yalnız müəllimlərə təhkim edilmiş xüsusi smart cihazlar dərs prosesi zamanı istifadə edilməlidir.

 

Elmin Nuri,
Təhsil məsələləri üzrə tədqiqatçı

Chosen
12
9
modern.az

10Sources