AYB-yə üzvlük elə dövlət dilimizdən imtahanla olmalıdır
Ölkəmizdə ilk dəfə Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının sınaq versiyası üçün onlayn platforma hazırlanıb.
Dövlət İmtahan Mərkəzində platformanın təqdimatı keçirilib. Tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının doğma dilimizin inkişafı üçün əhəmiyyətli olacağını vurğulayıb. DİM sədri həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvlərinə, müəllimlərə, elm adamlarına müraciət edərək, ana dili imtahanından keçməyə çağırıb: “Artıq imtahanın sınaq versiyasının onlayn platforması hazırdır. İstəyərdik ki, Azərbaycan Yazıçılar İttifaqının üzvləri də bu platformadan keçsinlər və bizə öz fikirlərini bildirsinlər. Data üçün ən azı bizə hər bir yaş həddinə aid 2 min nəfərin məlumatı lazımdır. Ümidvaram, bizim bu addımımızı Azərbaycan ictimaiyyəti qiymətləndirəcək”.
M.Abbaszadə bildirib ki, Azərbaycan dili üzrə bu imtahanlardan keçən şəxslərin dili hansı səviyyədə (A1, A2, B1 və s.) bildikləri məlum olacaq: “Əlimizdə ilkin data olması üçün bizim ilkin olaraq 2000 nəfərin nəticəsinə ehtiyacımız var".
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev Dövlət İmtahan Mərkəzi İdarə Heyətinin sədri Məleykə Abbaszadənin AYB üzvlərinin Azərbaycan dilindən imtahan verməsi haqda təklifinə cavab verib.
Xalq yazıçısı Teleqraf-a açıqlamasında bu sözləri deyib:
“Kimə imtahan verəcəyik?! Desinlər… Bütün yazıçılar imtahan verməlidirlər? Mən yazıçılara deyərəm, gedib imtahan versinlər”.
“Bütün yazıçılar imtahandan keçə biləcəklərmi” sualına AYB sədri belə cavab verib:
“Vallah, onu bilmirəm. Yazıçılar imtahan verməyi qəbul edəcəklər, yoxsa yox? Onları imtahanda kim qəbul edəcək, hansı suallar veriləcək, gərək bunların hamısı aydınlaşdırılsın”.
Azərbaycan Mətbuat Şurasının sədri,
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid sosial media hesabında Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq prosesində iştirak edəcəyini bildirib.
MŞ sədri həmçinin həmkarlarını - yazıçıları, jurnalistləri, filoloqları da Azərbaycan dili bilgilərini yoxlamağa dəvət edib:
“Dövlət İmtahan Mərkəzi “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” sertifikasiya imtahanı modeli hazırlayaraq ictimaiyyətə təqdim edib.
Ötən il Bakı Kitab Mərkəzində bu metodik vəsaitin təqdimatında iştirak etmişdim. Çıxış edən mütəxəssislər xüsusən xaricilərin Azərbaycan dili biliyi səviyyəsinin müəyyənləşdirilməsi, dilimizin inkişafına, işgüzar dilə çevrilməsinə kömək göstərəcək bu vəsaitin çapını yüksək qiymətləndirmişdilər.
İngilis, alman və başqa dillərdə biliyin səviyyəsini müəyyənləşdirən imtahanlar barədə hamımız bilirik.
Bəs bizim doğma Azərbaycan dili bilgilərini sertifikasiya edən imtahan prosesi niyə də keçirilməsin?
Məleykə Abbaszadə imtahanın Azərbaycan dili üzrə bilik və bacarıqların qiymətləndirilməsi üçün etibarlı bir mexanizm kimi fəaliyyət göstərəcəyinə əmin olduğunu diqqətə çatdırıb və hər kəsi qeydiyyatdan keçərək yoxlama alətlərinin təkmilləşdirilməsi üçün bu prosesdə aktiv iştirak etməyə çağırıb.
Məleykə xanım ilkin 2000 datanın yaradılması üçün mütəxəssisləri, həmçinin yazıçıları sınaq prosesinə qoşulmağa dəvət edib. Qeyd olunub ki, iştirakçılar ödənişsiz şəkildə sınaq prosesində iştirak edə bilərlər. İmtahan nəticələri emal olunduqdan sonra iştirakçıların elektron poçt ünvanına göndəriləcək. Göründüyü kimi, anonimlik də saxlanacaq. Qorxulu nəsə yoxdu.
Təəssüf edirəm ki, bu cür vacib məsələnin müzakirəsi lüzumsuz istiqamətə yönəldi. Mən Azərbaycan dili bilgilərini yoxlamaq istəyən hər kəsi Məleykə xanımın çağırışına qoşulmağa, bu vacib sertifikasiya imtahanı üçün lazım olan ilkin 2000 datanın yaradılmasına töhfə verməyə çağırıram”.
Gənc yazar, “Kulis.az”saytının baş redaktoru Ulucay Akif də “Sherg.az"a açıqlamasında DİM sədrinin təklifinin maraqlı olduğunu deyib:
“Yaxşı təklifdir, amma hansısa yazıçı bu imtahandan keçə bilməsə, nə olacaq, onu bilmirəm, çünki yazıçılıq peşə deyil. Biz heç birimiz hardasa "yazıçı", ya "şair" vakansiyasında işləmirik. Yəni bir yazıçı bu imtahanı verə bilməsə, nə olacaq?
Sırf Azərbaycan Yazıçılar Birliyinin üzvlərinə aiddirsə, uzağı, imtahandan keçə bilməyən müəllifi birlikdən xaric eləmək olar, amma o müəllif yenə ürəyi istəyən kimi yazacaq, kitablarını çap edəcək, mətbuatda dərc olunacaq.
Şəxsən öz adıma onu deyə bilərəm ki, bir zərrə də çəkinmədən Azərbaycan dilindən imtahana girərəm. Hətta istəyərəm ki, belə bir imtahan olacaqsa, ilk "eksperiment siçanı" özüm olum. Rus sektorunda təhsil alsam da, dilimi bilirəm. Bütün yazıçılar dilini bilməlidir. Təkcə yazıçılar yox, taksi sürücüləri də, marketdə satıcı işləyənlər də, müəllimlər də, həkimlər də... Bir sözlə, bu ölkənin vətəndaşı olan hamı dövlət dilini bilməlidir. Və bu dili sevə-sevə, ağız dolusu işlətməlidir”.
Professor Qulu Məhərrəmli isə hesab edir ki, bu bir az dolaşıq məsələdir. Onun sözlərinə görə, parametrləri dəqiq demək lazımdır ki, DİM-in rəhbəri, hörmətli Məleykə xanım nə istəyir:
“Əslində bizim ana dilinin keşiyində dayanmalı olan və bu dilin inkişafına kömək edən peşə adamlarından biri də yazıçılardır. Azərbaycan Yazıçılar Birliyi də zaman-zaman ana dilinin problemləri ilə bağlı çox kəskin mövqedə dayanırdı. İndi bəlkə də, zəifləyib amma ümumiyyətlə, bizim ayrı-ayrı yazıçılarımız son dövrlərdə Xəlil Rza, Qabil, Anar müəllim özü bu məsələlərlə bağlı çox kəskin çıxışları olub. Faktiki olaraq yazıçı dili yaradandır. Yazıçı dili bilmirsə, onda daha nə olacaq? Ona görə də bu məsələlərdə diqqətli və ehtiyatlı olmaq lazımdır. Təəssüf ki, dili bilməyən, dövlət qurumlarında çalışan, ana dilində öz fikrini ifadə edə bilməyən çox sayda məmurlarımız var. İlk növbədə ana dilini onlardan tələb etmək lazımdır, onları sertifikasiyaya cəlb etmək lazımdır. Hər kəs bilməlidir ki, dövlət dilinə hörmət etmək və bilmək lazımdır. Çünki ana dili bizim milli varlığımızı ifadə edir. Amma bütün hallarda ana dili məsələsinin gündəmdə olması müsbət hadisədir”.
Media eksperti Azər Həsrət isə “Sherg.az" bildirib ki, DİM sədrinin Yazıçılar Birliyinin üzvlərini Azərbaycan dilindən sertifikasiya imtahanından keçmək çağırışını qəribçiliyə salmaq lazım deyil:
“Şəxsən mən düşünürəm ki, ümumiyyətlə, AYB-yə üzvlük elə dövlət dilimizdən imtahanla olmalıdır! Bilirsiniz niyə? Ona görə ki, bu qurumun üzvü olduğu halda ard-arda üç cümləni düzüb-qoşa bilməyən xeyli insan var. Onlar ora necə və niyə üzv olublar? Yaxud da yazıçı və ya şair olmadığı halda AYB üzvü olanlar da az deyil. İndi ki, bu adamlar özlərini AYB üzvü olmağa layiq sanaraq o quruma qoşulublar, dövlət dilimizdən imtahan verməkdən də çəkinməməlidirlər. AYB sədrinin müavini Rəşad Məcid artıq elan edib ki, o, bu imtahanda iştirak edəcək. Yaşa! Əsl yazıçı, şair belə də olmalıdır. Ümid edirəm ki, AYB-nin digər üzvləri də özlərində o cəsarəti tapıb imtahana qatılacaqlar”.
Həsrət vurğulayıb ki, dövlət dilindən imtahana yalnız yazıçı və şairlər cəlb olunmamalıdır. Elə biz jurnalistləri də bu prosesdən keçirmək lazımdır:
“AYB üzvü olmasam da, imtahanda həvəslə iştirak etməyə hazıram. Özündən deyən – iddialı bütün jurnalistləri də bu prosesdə iştiraka çağırıram. Gəlin, doğrudan da, söz – yazı adamı olduğumuzu bir də bu müstəvidə sınayaq. Həm də yetişən nəslə örnək olaq.
Ən sonda isə düşünürəm ki, belə bir imtahandan nazirlər, icra başçıları və deputatları da keçirmək lazımdır. Özü də hamıdan öndə onlar getsin, biz də onların ardınca. Lap vacib olan isə budur ki, rusdillilər belə bir imtahanda mütləq iştirak etsin. Onlar həmişə iddia edirlər ki, “urus” məktəbində oxusalar da, dövlət dilimizi əla mənimsəyirlər. Buyurun, sübut edin bunu...”