EN

Erməni vəhşiliyinin qurbanı olmuş aşıq

Naxçıvan aşıq mühiti tarixən qonşu bölgələrin və türk toplumlarının ozan sənətinin təsirləri ilə formalaşaraq özünənəməxsusluq qazanıb. Bu baxımdan Güney Azərbaycan, Dərələyəz və Göyçə, eləcə də Türkiyə aşıq yaradıcılığının bu mühitə təsiri danılmazdır.

Naxçıvan aşıqlarının diqqətçəkən fəaliyyətlərindən biri də qonşu ərazilərin aşıq və el şairləri ilə sıx sənət əlaqələri yaratmaqları idi. Bunu onlar öz könül istəyi, gör-götür arzusu ilə edirdilər. Onların qonşu bölgələrin el şənliklərinə, sənət məclislərinə tez-tez dəvət olunmaları Naxçıvan aşıq mühitinin inkişafına böyük təsir göstərirdi. Dədə Ələsgərin Naxçıvana gəlişini əks etdirən “Aşıq Ələsgərin Naxçıvan səfəri” dastanı bu baxımdan qiymətli sənət örnəyidir.

Naxçıvan aşıq mühitinin bir çox nümayəndələri Qərbi Azərbaycandan köç edərək burada məskunlaşmış sənətkarlardır. Bu, daha çox onların zaman-zaman erməni basqılarından Naxçıvana pənah gətirmələri və burada doğma münasibət görmələri ilə bağlı olub. Lakin bir aşıq da var ki, onun doğulduğu və böyüdüyü məkan Naxçıvan olsa da fəaliyyətinin əsas məkanı Qərbi Azərbaycan olub.

Aşıq Abbasın həyatının əsas hissəsi Qərbi Azərbaycanla bağlı olub. O, burada daşnakların millətçi, antitürk siyasəti ilə çətin mübarizədə ömrünü başa vurub. Aşıq Abbas Rüstəm oğlu Abbasov müxtəlif illərdə Ordubadda yaşayıb-yaratmış aşıq sənəti nümayəndələrindəndir, həm Naxçıvan, həm də Qərbi Azərbaycan aşıq ənənəsinin inkişafına töhfələr bəxş etmiş sənətkar kimi tanınıb.

Aşığın oğlu mərhum Valeh Rüstəmovun illər öncə verdiyi məlumata görə, atası 1906-cı ildə Şahbuz rayonunun Kükü kəndində anadan olmuşdur. O, 1943-cü ildə Ordubadın Əndəmic kəndinə gəlmiş, burada ailə həyatı qurmuş, aşıqlıq etmişdir. Aşıq Ordubadda sayılıb-seçilən, hörmət sahibi olan el sənətkarı kimi yaşayıb fəaliyyət göstərmişdir.

Aşıq Abbas Abbasov Ordubadın kəndlərində toy məclisləri aparmış, el şənliklərində çalıb-çağırmışdır. Oğlu Valehin dediyinə görə, milli-mənəvi dəyərlərimizin basqı altında olduğu sovet zamanında aşıq rəsmi dairələrin ədalətsiz münasibəti ilə də üzləşmiş, incidilmiş, nəzərdən salınmışdır.

Aşıq Abbas Abbasov 1945-ci ildə ailəsindən ayrılıb Qərbi Azərbaycana üz tutmuş, Qafana gəlib sənətini burada davam etdirmişdir.

O, burda yenidən ailə həyatı qurmuş, lakin bu izdivacdan övladı olmamışdır. 1967-ci ildə Naxçıvana qayıdan sənətkar burada “Aşıqlar ansamblı” yaratmışdır. Ansamblın üzvləri Naxçıvanda fəaliyyət göstərən Aşıq Hidayət, Aşıq Bayram, Aşıq Soltan idi. Bu ansambl daha çox Ordubadın Parağaçay kəndində olar və orada konsertlər təşkil edərdi.

Aşıq Abbas, əsasən Qərbi Azərbaycanda yaşasa da, tez-tez Ordubada gələr, buradakı toy məclislərində iştirak edərdi. Onun istedadı və şöhrəti həmişə erməniləri narahat edib. Aşıq Qərbi Azərbaycanda olarkən davamlı olaraq daşnak zümrələrinin təqibinə məruz qalıb. Dəfələrlə ondan tələb edilib ki, aşıq yaradıcılığının ermənilərə məxsus olmasını təsdiq etsin. Aşıq isə bunu qətiyyətlə inkar edib. Nəhayət, Qarabağ hadisələri başlayanda düşmənlərin əlinə Aşıq Abbasdan intiqam almaq fürsəti düşür. Bu zaman erməni dəstəsi Aşıq Abbası vəhşicəsinə döyür, onu ölmüş bilib əl çəkirlər. Başından ağır zərbə almış aşıq gətirildiyi Zəngilan xəstəxanasında 15 gündən sonra vəfat edir.

Aşığın gəzib məclislər apardığı yerlər Zəngilan, Qubadlı, Qafan, Naxçıvan, Ordubadın Biləv, Bist, Parağaçay kəndləri idi. Aşığın oğlu ilə apardığımız söhbət zamanı məlum oldu ki, onun şeirlərindən ibarət əlyazmaları olub. Qərbi Azərbaycanda ermənilər onun bu əsərlərini ələ keçirib yandırmışlar. Təəssüf ki, apardığımız araşdırmalar zamanı Aşıq Abbasın yaradıcılığından heç bir nümunə əldə edə bilmədik.

Naxçıvanın yaşlı əhalisindən Aşıq Abbasla bağlı az olsa da əldə etdiyimiz məlumatdan, oğlu Valeh və Ordubadın Yuxarı Əndəmic kəndində yaşayan nəvəsi Aslanla söhbətimizdən aydın olur ki, Aşıq Abbas Naxçıvan və Qərbi Azərbaycan aşıq mühitinə öz fəaliyyəti ilə xidmət etmiş, hər iki məktəbdən bəhrələnmiş və onları bir-birinə yaxınlaşdırmış yaradıcı və ifaçı aşıq olub.

Aytən CƏFƏROVA,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, fəlsəfə doktoru, dosent

Chosen
7
xalqqazeti.az

1Sources