Çin məhkəməsi casusluqda və dövlət sirlərini xarici kəşfiyyat xidmətlərinə ötürməkdə ittiham olunan elmi-tədqiqat institutunun keçmiş əməkdaşını ölüm cəzasına məhkum edib.
Bu barədə Çinin Dövlət Təhlükəsizliyi Nazirliyinin sosial şəbəkə hesabında məlumat verilib.
"Bu yaxınlarda dövlət təhlükəsizlik orqanları elmi-tədqiqat müəssisələrindən birinin keçmiş əməkdaşının dövlət sirlərini xarici kəşfiyyat xidmətlərinə ötürməsi ilə bağlı casusluq işinin üstünü açıb", - məlumatda bildirilib.
Qeyd olunub ki, elmi-tədqiqat institutlarından birinin Lyu soyadlı keçmiş mühəndisi rəhbərliyə qarşı "kin bəsləyib" və ona qarşı ədalətsiz davranıldığını və vəzifədə irəli çəkilmədiyini hesab edərək, işdən çıxmağa qərar verib.
"İşdən çıxmazdan əvvəl o, çoxlu sayda məxfi materialların qanunsuz olaraq surətini çıxararaq özündə saxlayıb, bunlardan rəhbərlikdən qisas almaq və şantaj etmək üçün istifadə etmək niyyətində olub", - məlumatda bildirilib.
Qeyd olunub ki, Lyu dindirmə zamanı günahını etiraf edib.
"Məhkəmə onu ölüm cəzasına məhkum edib, o, həmçinin ömürlük siyasi hüquqlardan məhrum edilib", - məlumatda vurğulanıb.