EN

TikTok-da onlayn festivala başlayır

Xüsusi #Novruz2025 həştəqi ilə Azərbaycanın müxtəlif guşələrindən olan istifadəçilər bayramı necə qeyd etdiklərini nümayiş edə, bayram süfrəsi üçün reseptlərini bölüşə və ya maraqlı ənənələrdən danışa bilərlər

TikTok Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Novruz bayramı münasibəti ilə onlayn festivala başlayır.

İki sahil”in məlumatına görə, onlayn festival martın 21-dən, aprelin 30-dək xüsusi #Novruz2025 həştəqi altında keçiriləcək.

TikTok platforma istifadəçilərini milli bayram, onun xüsusiyyətləri və adətləri barədə videolar çəkməyə dəvət edir. İstifadəçilər videolar üçün istənilən mövzunu - mətbəxdən milli geyimə, əfsanələr və ənənələrdən musiqi və rəqslərə qədər seçə bilərlər.

Ən kreativ videoroliklərin müəllifləri layihənin tərəfdaşı – kurort şəhəri “Sea Breeze Resort” tərəfindən mükafatlandırılacaq:

1-ci yer – DREAM Fest 2025 festivalının bütün günləri üçün fan-zonaya 2 bilet,

2-ci yer – Xəzər dənizi sahilində yerləşən Sea Breeze Resort-da 2 günlük yaşayış üçün vauçer,

3-cü yer – Bakıda yerləşən Crocus Fitness fitnes-klublarından birinə 6 aylıq üzvlük kartı.

Layihənin qalibləri 16 aprel tarixində elan ediləcək.

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov onlayn festival ilə bağlı deyib: "Novruz Bayramı adətlərinin bir vacib amili odur ki, xoş münasibət, doğmalıq, həmrəylik hissləri yada salınır, yenidən canlandırılır. Küsülülərin bayramda barışması, yaşlı qohumlara baş çəkilməsi, tanıdıqların və hətta tanımadıqlarınla sövqat bölüşülməsi – bunlar hamısı insanlar arasındaki əlaqələrin daha möhkəm və sadaqətli olmasına xidmət edir. Online platformalar vasitəsilə həmin bayram hisslərini qat-qat daha da geniş dairəyə ötürmək, məsafədən asılı olmayaraq dünyanın hər bir yeri ilə öz sadə və səmimi sevincini bölüşmək möcüzəsi mümkün olur”.

TikTok-un Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlar rəhbəri Səif Mücahid isə deyib: "Novruzun qeyd edilməsi Azərbaycanın zəngin mədəni irsinin bir hissəsidir. Bu il istifadəçilərə genişmiqyaslı virtual festivala qoşulmaq və harada olmalarından asılı olmayaraq bayramın bir hissəsi olduqlarını hiss etmək imkanı yarada bildiyimiz üçün sevinirik. Bu təşəbbüs Azərbaycanda ilk dəfə həyata keçirilir və əminik ki, milli mədəniyyətin həm yerli, həm də beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm addım olacaq".

Məlumat üçün bildirək ki, Azərbaycanın zəngin mədəniyyəti TikTok yaradıcıları üçün tükənməz ilham mənbəyinə çevrilib. Onlar orijinal və maraqlı videolar yaradaraq, ölkə daxilində və xaricində milyonlarla istifadəçinin marağına səbəb olublar. Belə ki, #Azərbaycan həştəqi ilə artıq 156 mindən çox video, #Azerbaijaniculture həştəqi ilə isə 2.4 mindən çox paylaşım edilib.

Chosen
23
16
ikisahil.az

10Sources