RU

Trampın Amerikası yoxsa Drayzerin "Amerika faciəsi"?

Teodor Drayzerin "Amerika faciəsi" bir insanın taleyini əks etdirən roman olsa da onu bugünkü Tramp Amerikasının perspektivi ilə əlaqələndirmək də olar. Həmin o bir nəfəri bugünkü bir dövlət kimi təsəvvür etsək əlbəttə.

Bir çox dostlar sual verirlər ki, niyə son günlər baş verən çoxsaylı hadisələr haqqında yazmıram. Əslində baş verən bir hadisədir, "hadisələr" adlandırılanlar isə onun detallarıdır. Hadisənin adına bəlkə də elə "Amerika faciəsi" demək olar.

Bunu da istər ABŞ-da, istərsə də onun hüdudlarından kənarda yaşayan düşünən əksəriyyət gözləyirdi. Öz tarixinin azı son 80 ili ərzində qlobal dövlət statusuna malik olmuş ölkədə və onun ətrafında baş verənləri başqa cür adlandırmaq çətindir.

80 il ərzində dünyaya həm elmi-texniki yeniliklər, həm demokratik inkişaf nümunəsi, həm də bir sıra xalqlara bəlalar gətirmiş dövlətin əsas təməlləri sürətlə çökdürülməkdədir. Bunu da edənlər onun rəhbərliyinə seçilmiş şəxslərdir.

Müttəfiqlərini sürətlə itirməkdə olan ABŞ onlar üçün artıq etibarsız tərəfdaş hesab olunur. Sözdə ABŞ ilə müttəfiqlikdə qaldıqlarını desələr də, Avropa liderləri yaxşı anlayırlar ki, belə perspektivin mümkünlüyünü ehtimalı sürətlə azalmaqdadır.

Bu da təbiidir. Hətta 4 ildən sonra ABŞ öz ənənəvi siyasətinə qayıda da bilər, amma bu, yalnız ehtimal olmaqla yanaşı, həm də ən azı iki mühüm sual doğurur: 1. ABŞ-ın müttəfiqləri həmin dövr üçün vəziyyətdən çıxmaq üçün nə etməlidirlər?

2. Təminat haradadır ki, sonradan ölkənin rəhbərliyinə növbəti Tramp gəlməyəcək?
Odur ki, müttəfiqlər artıq yeni iqtisadi, siyasi, geosiyasi və təhlükəsizlik konstruksiyasını qurmaqdadırlar. Söhbət əlbəttə ki, ABŞ-sız konstruksiyadan gedir.

Belə münasibətlər modeli isə 4-5 və hətta 10-15 illiyə nəzərdə tutulmur. Ona görə ki, təkcə mövcud modelin yenisi ilə əvəzlənməsi elə bu qədər zaman tələb edir. Bu işdə də əsas liderlik edənlərin Böyük Britaniya, Fransa və Almaniya olduğunu görürük.

Bəli, ilk baxışdan ABŞ az qala bütün müttəfiqləri, eləcə də müttəfiq olmayan iqtisadi partnyorları ilə ticarətdə itirir. Amma bunun səbəbini onlarda axtarmaq və vəziyyətdən çıxış yolunu əlavə rüsumlar tətbiq etməkdə görmək çıxış yolu deyil.

ABŞ-ın yeni administrasiyası isə çıxış yolunu məhz bunda görür və üstəlik də müttəfiq ölkələrə daha çox rüsum tətbiq edir, nəinki digərlərinə. Məsələn, Kanada, Meksika və Avropa Birliyi ölkələrindən idxala 25% rüsum tətbiq olunduğu halda, Çin malları üçün bu 10% təşkil edir.

Bunun səbəbinə toxunmazdan əvvəl ABŞ və onun müttəfiqləri arasında ticarət münasibətlərinə təsir edən siyasi və təhlükəsizlik amillərinə diqqət yetirmək yerinə düşərdi. Burada da fərqli modellərlə üzləşirik.

ABŞ, Kanada və Meksika arasında ticarət NAFTA sazişi əsasında həyata keçirilir. NAFTA, yəni "North American Free Trade Agreement" və ya "Şimali Amerika Sərbəst Ticarət Anlaşması" 3 ölkə arasında azad iqtisadi münasibətləri ehtiva edir.

1992-ci ildə imzalanmış və 1994-cü ildə qüvvəyə minmiş NAFTA 2020-ci İldə ondan heç bir prinsipial fərqi olmayan "United States-Mexico-Canada Agreement" (USMCA) və ya "ABŞ-Meksika-Kanada Anlaşması" ilə əvəzlənmişdir.

Sonuncu (USMCA) həmin ölkələr arasında daha balanslı ticarət dövriyyəsinin həyata keçirilməsini nəzərdə tuturdu və Donald Trampın ilk prezidentliyi zamanı imzalanmışdır. Bu gün isə Tramp administrasiyası faktiki ondan da imtina edir.

ABŞ-la Avropa Birliyi arasında iqtisadi münasibətlər isə başqa anlaşmalar əsasında tənzimlənir ki, burada da NAFTA və USMCA-dan fərqli olaraq gömrük rüsumlarının tətbiqi nəzərdə tutulmuşdur.

Şübhəsiz ki, belə anlaşmaların ilk baxışdan görünməyən siyasi, geosiyasi, müdafiə və təhlükəsizlik komponentləri də mövcuddur ki, onların da sayəsində ABŞ həmin sahələrdə birmənalı üstünlük əldə etmişdir.

Söhbət Vaşinqtonun öz müttəfiqləri üzərində üstünlüyə malik olmasından gedir ki, məhz bunun da sayəsində ABŞ qlobal güc rolunu oynayır, onun müttəfiqləri isə bir sıra sahələrdə məhdudiyyətlərlə razılaşırlar.

Şərti olaraq "Avroatlantik əməkdaşlıq və təhlükəsizlik sistemi" adlandırılan birlik təxminən belə şərtlər altında mövcud olub. Onun komponentlərinin birinin (konkret halda, iqtisadi-ticari) aradan qaldırılması isə mövcud sistemin çökməsinə yol açır.

Rusiyanın Ukraynaya hərbi təcavüzü konkret olaraq Avroatlantik münasibətlər sisteminə birbaşa zərbə vurmasa da Tramp administrasiyasının bu istiqamətdə tutduğu mövqe həmin sistemin çökməsinə yol açan amildir.

Bu mənada Rusiya-Ukrayna savaşı təkcə Avroatlantik sistemdə daxili münasibətlərə yenidən baxmaq üçün "meydança" deyil, ilk növbədə "Qoca Qitənin" real təhlükəsizlik təminatı məsələsidir.

Görünən də budur ki, bürokratik əngəllərlə zəngin və həmin səbəbdən də adətən ləng addımlar atan Avropa Birliyinin indiki dönəmdə çevik qərarlar verməsi heç də təsadüfi deyil. Avropada hadisələrin belə cərəyan edəcəyinə öncədən hazır olublar.

Bu da təbiidir, çünki masa üzərində olan son yüz ildə iki ağır müharibədən keçmiş Avropa ölkələrinin və bütövlükdə Avropa Birliyinin təhlükəsizliyi və bəlkə də mövcudluğu məsələsidir. Belə şəraitdə gecikmə ağır nəticələr verə bilər.

Hələlik Avropa Birliyi, Kanada və Böyük Britaniyanın yaratmağa çalışdığı alyansa yaxın zamanlarda digər ölkələrin də qoşula biləcəyi istisna deyil.Belə ölkələrin arasında Ukrayna ilə yanaşı Avstraliya və Türkiyə də ola bilər.

Nə qədər təəccüblü görünsə də (bir müddət sonra) elə ABŞ-ın özü də, amma bu, istənilən halda artıq başqa şərtlər çərçivəsində fəaliyyət göstərən tamamilə fərqli bir geosiyasi konstruksiya olacaq. Hələlik isə ABŞ bu prosesdə yoxdur.

Drayzerin "Amerika faciəsi" qəhrəmanı yoxsulluqdan xilas olmaq və uğur qazanmaq üçün cəmiyyətin yüksək təbəqələrinə can atan bir gənc idi. Varlanmaq və "Amerika arzusuna" çatmaq ehtirası Klayd Qriffitsi bu yolda qətl törətməkdən belə çəkindirmir.

Ilkin mərhələdə cinayətini bədbəxt hadisə kimi təqdim edə bilən Klaydın izinə düşən polis sonda qətlin törədilməsinə səbəb olan motivlərlə bağlı yazışmaları əldə edir və məhkəmə Drayzerin qəhrəmanı barəsində ölüm hökmü çıxarır.

Ərəstun Oruclu, Təhlükəsizlik məsələləri üzrə ekspert, politoloq 

Demokratikmusavat.com 

 
 
 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Избранный
41
Demokratikmusavat.com

1Источники