"Atam tez-tez evin mebellərini dəyişməyi xoşlayırdı. Bir dəfə yenə mebelləri dəyişmək ərəfəsində futbola görə maraqlı hadisə baş vermişdi".
Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycanın xalq artisti Afaq Bəşirqızı atası Bəşir Səfəroğlunun xatirələri ilə bağlı danışarkən PFL-ə müsahibəsində deyib.
Azərbaycan SSR-nin xalq artisti B.Səfəroğlu təkcə kino və teatr səhnəsindəki unudulmaz rolları ilə deyil, həm də futbola böyük sevgisi ilə tanınıb. A.Bəşirqızının sözərinə görə, atası evdə televizor vasitəsilə futbola baxarkən, ətrafda baş verənlərə laqeyd qalarmış: "Deməli, həmin gün dayısınəvəsi bizə gəlib. Görür ki, atam futbola baxır, başı bərk qarışıqdır. Soruşub ki, "Bəşir, nə əcəb mebelləri dəyişməmisən?". Atam da dəyişəcəyini deyib. Dayınəvəsi xahiş edib ki, "mebelləri dəyişəndə mənə verməyi yaddan çıxartma". Bütün fikri televizorda olan atam da deyib ki, "götür, apar".
Beləliklə, qohumu B.Səfəroğlunun evindən paltar dolabı, oturacaq və güzgü aparıb. Aktyorun futbola görə qurban verdiyi mebellərlə bağlı məsələ hətta hüquq-mühafizə orqanlarına qədər gedib çıxıb.
"Analığım evə qayıdanda, mənzilin boşaldığını görüb. Mebellərin harda olduğunu soruşub. Atam da deyib ki, "bilmirəm, xəbərim yoxdur". Analığım milisə ərizə yazıb, axırda məlum olub ki, mebelləri aparan bizim qohumumuzdur. Dayınəvəsi qayıdıb ki, "Ay Bəşir, qurban olum, axı sən futbola baxanda özün dedin yığ apar". Atam da cavab verib ki, "Ə, köpəkoğlu, futbola baxanda adam adamdan soz soruşar" - deyə A.Bəşirqızı nəql edib.