RU

Bahar Muradova Nyu-Yorkda macarıstanlı həmkarı ilə görüşüb

Nyu-York, 11 mart, AZƏRTAC

Nyu-Yorkda səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-də Qadınların Statusu Komissiyasının 69-cu sessiyası çərçivəsində Macarıstanın Ailə Məsələləri üzrə Dövlət Katibi Zofia Kontsla görüşüb.

AZƏRTAC-ın məlumatına görə, görüşdə iki ölkə arasında bütün sahələrdə, o cümlədən sosial sahədə əməkdaşlığın inkişafı vurğulanıb. Bahar Muradov Azərbaycanın öz köklərinə bağlı olduğunu, milli kimlik və ailə məsələlərinə önəm verdiyini bildirib. Komitə sədri Azərbaycanın 5 il əvvəl torpaqlarını işğaldan azad edərək suverenliyini bərpa etdiyini vurğulayaraq, yeni müstəvidə başlayan inkişafın məhz milli dəyərlərlə müasirliyin sintezi istiqamətində aparıldığını əlavə edib. Bahar Muradova Macarıstanın Azərbaycanla birlikdə həm də Türk Dövlətləri Təşkilatında birgə təmsil olunduğunu deyərək, hər iki ölkənin ailə dəyərlərinə üstünlük verdiyini əlavə edib. O bildirib ki, Azərbaycanla Macarıstan arasında sosial, iqtisadi, siyasi, mədəni sahədə əlaqələr inkişaf edir və bu da həm də iki ölkə prezidenti arasında yüksək dostluq münasibətlərindən irəli gəlir.

Zofiya Konts cəmiyyətlərin özəyini təşkil edən ailə dəyərlərin qorunmasının və bütün platformalarda təbliğ olunmasının əhəmiyyətini qeyd edib. O, Azərbaycanın bu sahədəki təcrübələrindən yararlana biləcəklərini, bu istiqamətdə birgə işləyərək layihələr həyata keçirə biləcəklərini vurğulayıb. O təmsil etdiyi qurumun əsas fəaliyyət istiqamətinin işsizliyin aradan qaldırılması və ailələrə dəstək xidmətlərinin göstərilməsi olduğunu qeyd edib, digər fəaliyyət sahələri barədə məlumat verib, dəstək proqramları çərçivəsində reallaşdırılan layihələrdən danışıb.

Tərəflər ailə məsələləri sahəsində əməkdaşlığı inkişaf etdirmək və təcrübə mübadiləsi, birgə layihələrin icrasına dair müzakirələr aparıblar.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

 

Избранный
34
1
azertag.az

6Источники