RU

“Azpulmat”ın borc oyunu: Gecikdirsən, tanışların da xəbər tutacaq!

Azərbaycanda fəaliyyət göstərən AzPulMat kredit təşkilatı borcalanlara kredit təklif edərkən müqavilədə onların telefon kontaktlarına giriş icazəsi tələb edir. Yəni müştəri razılıq verdikdən sonra bu məlumatlar şirkət tərəfindən istifadə olunur. Texniki baxımdan bu qanunidir, çünki borcalan müqaviləyə imza atır. Amma bu metod əxlaqi və hüquqi baxımdan nə dərəcədə doğrudur?

Vətəndaşların narazılığı: Təzyiq, yoxsa qanuni prosedur?

Müştərilər, kredit ödənişində gecikmə olduqda, yalnız özləri deyil, tanışları da zənglərlə narahat edilir. Üstəlik, müştərilər şirkətin əməkdaşlarının sərt və kobud danışıq tərzindən şikayət edirlər.

Şikayətçilər bildirirlər ki, AzPulMat əməkdaşları, borc geri ödənilmədikdə, onlarla qeyri-etik və çox sərt bir şəkildə danışaraq təzyiq göstərirlər. Bu, müştərilərin psixoloji vəziyyətinə ciddi təsir edir və onların şəxsi həyatına müdaxilə edir.

Şikayətçilərin bildirdiyinə görə, kreditin ödənişində gecikmə yaranan kimi AzPulMat yalnız borcalanı yox, onun tanışlarını da narahat etməyə başlayır. Kredit götürənin əlaqə siyahısındakı insanlara zəng edib borc barədə məlumat vermək və onların psixoloji basqıya məruz qalmasına səbəb olmaq nə dərəcədə doğrudur?

Bəli, müştəri müqaviləyə əsasən bu icazəni verib, amma bu, onun ətrafındakı insanların da narahat edilməsinə əsas yaradırmı? Qanunvericilikdə belə halların necə tənzimlənməsi açıq şəkildə göstərilmir, bu isə sui-istifadəyə yol açır.

Qanunvericiliyin boşluğu: Düzgün tənzimləmə lazımdır!

Azərbaycanın Şəxsi Məlumatlar Haqqında Qanunu şəxsi məlumatların qorunmasını tələb edir. Amma bu cür kredit təşkilatları müştərinin icazəsi ilə bu boşluqdan istifadə edərək kontakt siyahısına giriş əldə edirlər. Bununla da borc məsələsini borcalanın tanışlarına bildirməklə, onların da şəxsi həyatına müdaxilə edirlər.

Burada sual yaranır: borcalanın razılığı, onun kontakt siyahısındakı şəxslərin də razılığı deməkdirmi? Əlbəttə ki, yox! Bu insanlar kredit götürməyib və onların məlumatları borc məsələlərinə qarışdırılmamalıdır. Bu məsələdə hüquqi mexanizmlər yaradılmalı, qanunvericilikdə boşluqlar aradan qaldırılmalıdır.

Vüsal

Избранный
25
bakuinfo.net

1Источники