Azərbaycanda qida, şəxsi gigiyena və dərman məhsullarının keyfiyyətində ciddi problemlər müşahidə olunur. Rusiya-Ukrayna müharibəsindən sonra bir çox beynəlxalq brend, o cümlədən qida və təmizlik məhsulları istehsalçıları, istehsalı Rusiyada olan məhsulları Türkiyə və Asiya ölkələrindən gətirməyə başlayıblar, amma bu dəyişikliklər, keyfiyyətin aşağı düşməsi ilə nəticələnib.
Şikayətçilər bildirirlər ki, illərdir Belçika və Avropa istehsalı olan Nutricia brendi (Aktivia və Danone yoqurtları) Moldova istehsalı ilə əvəz olunub və bu, yalnız qiymət artımına deyil, keyfiyyətin də ciddi şəkildə pisləşməsinə səbəb olub. Eyni vəziyyət, P&G və digər qlobal markaların Türkiyə istehsalı ilə dəyişdirilən məhsullarında da mövcuddur. Məsələn, əvvəlki illərdə Çexiya istehsalı olan Ariel yuyucu tozu, indi Türkiyədə istehsal olunur. Fairy qab şampunu əvvəlki Belarus istehsalı yerinə, Türkiyə istehsalı olaraq gəlir. Hətta Oral-B diş fırçaları, İrlandiya istehsalı yerinə, Çin istehsalı ilə əvəz olunub.
Dərman sektorunda da eyni problemlər mövcuddur. Məsələn, Johnson & Johnson brendinin Rinza dərmanı Hindistan istehsalı olaraq gəlir və keyfiyyəti düşüb. Ən ciddi narazılıqlardan biri də Stada brendinə məxsus Kardio Maqnil dərmanı ilə bağlıdır. Əvvəllər Almaniya istehsalı olan bu dərman indi Rusiya istehsalıdır, bu isə yaşlı xəstələr üçün ciddi narahatlıq yaradır.
Bir çox qlobal brendin məhsullarının keyfiyyətini izləyən bir qurum yoxdur. İstehlakçılar, ölkəyə idxal edilən məhsulların keyfiyyətinə cavabdeh heç bir dövlət qurumunun olmadığı barədə şikayətlərini bildirirlər. Üstəlik, qlobal brendlərin nümayəndəlikləri Azərbaycanda ya yoxdur, ya da əlaqə məlumatları qeyri-müəyyəndir, bu isə istehlakçıların şikayət və müraciətlərini təmin etməkdə çətinlik yaradır.
Şikayətçilər qeyd edirlər ki, Səhiyyə Nazirliyi və TƏBİB bu məsələyə müdaxilə etmədiyi üçün keyfiyyətsiz məhsul idxalına qarşı heç bir addım atmırlar. Xüsusilə dərmanların təhlükəsizliyini və keyfiyyətini təmin etmək məqsədilə qanunvericiliyin gücləndirilməsinə ehtiyac var.
Azərbaycanın istehlakçı hüquqları ciddi şəkildə pozulur və keyfiyyət zəmanəti tələb edən bir qanun mexanizminin yaranmasına ehtiyac duyulur. Təklif edilən məhsulların keyfiyyətinin izlənməsi və istehsalçıların məsuliyyətə cəlb edilməsi vacibdir ki, istehlakçılar aldadılmasın və sağlam həyat tərzini təmin etsinlər.
Vüsal