RU

Türk jurnalistlər Ermənistanda bağlı sərhəd qapısına gedib

Ermənistan baş nazirinin ictimai əlaqələr və informasiya mərkəzi və İrəvanda yerləşən Orbeli araşdırma mərkəzinin dəvəti ilə İrəvanda olan Türkiyədən 10-a yaxın jurnalist 2023-cü ildə təmir edilmiş, lakin iki ölkə arasındakı fikir ayrılıqları səbəbindən 1993-cü ildən bağlanan Marqara/Alikan Sərhəd Qapısını ziyarət edib.

Bu barədə Türkiyədə yayımlanan, ermənilərin maliyyələşdirdiyi “Agos” qəzeti yazır.

Yenilənən sərhəd qapısı ilə bağlı məlumat verən Orbeli Mərkəzinin eksperti Armen Bedrosyan “İlk növbədə Türkiyə və Ermənistan nümayəndələri uzun müddət bir yerdə müxtəlif görüşlər keçirdilər. Hər iki tərəfin gəldiyi nöqtə müsbət oldu. Bundan sonra Ermənistan Marqara sərhəd qapısında təmir işlərinə başlayıb. Sərhəd qapısının təmiri bir il çəkdi. Ermənistan tərəfdən sərhəd qapısına qədər olan yol da yenilənib. Sərhəd qapısı 2023-cü ildə xidmətə hazır idi. Əslində Türkiyədə fevralın 6-da baş verən zəlzələlər zamanı bu sərhəd qapısı hər iki tərəfin qərarı ilə humanitar yardım və yük maşınları üçün açılıb. Bu, əslində sərhəd qapısının tam gücü ilə işləyə biləcəyinin göstəricisi idi” deyib.

Digər tərəfdən, o, şəhərcikdəki sovet dövründən qalan əsas binanın köhnə vəziyyətdə qaldığını və yenisinin tikildiyini də bildirib.

Qəzet yazır ki, proqram çərçivəsində jurnalistlər dövlət rəsmiləri ilə, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşüblər.

Orbeli Mərkəzinin eksperti Armen Bedrosyan deyib: “Son 30 ildə bağlı olan bu sərhədlər hər iki ölkə üçün çox böyük çatışmazlıq və itkidir. Xüsusilə Ermənistan və Türkiyə xalqları arasında olan bu sərhədlərin çox fərqli mənası var. Bu xüsusi vəziyyət çox ciddi hadisələrdən yaranır. Hamımıza məlum olduğu kimi, tarixdə böyük və faciəli hadisələr olub. Osmanlı dövründə “soyqırım reallığı” var. Amma indi müstəqil Ermənistan və Türkiyənin sərhədlərinə başqa prizmadan baxmaq lazımdır. Təbii ki, sərhədlərin açılmasının, təmasların artmasının psixoloji təsiri böyük olacaq. Bu, Türkiyə üçün də bir fürsətdir, əgər sərhədlər açıq olsa və münasibətlər düzəlsə, Ermənistanda Türkiyəyə qarşı mənfi reaksiya azala bilər”.

Избранный
11
veteninfo.az

1Источники