RU

Milli mənlik şüuru dövlətçiliyimizin təməlidir

Gənclərimizin vətənpərvər ruhda tərbiyəsi, onlarda milli mənlik şüurunun inkişaf etdirilməsi bu gün dövlət siyasətinin əsasını təşkil edir. Çünki milli mənlik şüuru sayəsində millət, xalq və etnik qruplar tarixi inkişaf xüsusiyyətlərini dərk edirlər. 

Vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, milli mənlik şüuru hər bir vətəndaşa xas olan xüsusiyyətdir. Gənclərin vətənpərvər ruhda böyüməsində isə mənəviyyat məsələsi mühüm əhəmiyyət kəsb edir. Heç kimə sirr deyil ki, mənəviyyat olmayan yerdə milli mənlik şüurundan, vətənpərvərlikdən danışmaq mümkün deyil. 

Hər kəsə bəllidir ki, müxtəlif zamanlarda Ermənistanın ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə qarşı təcavüzünün qarşısının alınmasında vətənpərvər gənclərimiz öndə olublar. Zaman keçdikcə gənc nəsildə vətənpərvərlik, milli qürur hissləri daha da güclənib. Bildiyimiz kimi, torpaqlarımızın bir hissəsi 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında oldu. Bir milyondan çox soydaşımız isə qaçqın və məcburi köçkün vəziyyətində yaşadı. Bu fakt Azərbaycan gəncliyinin daha da ayıq-sayıq olmasına, onlarda vətənpərvərlik ruhunun yüksək səviyyədə inkişafına şərait yaratmışdı. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclis Sədrinin müavini Musa Qasımlı bildirib ki, Azərbaycan xalqını vahid amal uğrunda birləşdirən ideologiya məhz Azərbaycançılıqdır:

“Azərbaycançılıq ideologiyası Qusardan-Astaraya, Naxçıvandan-Ağstafaya qədər bütün Azərbaycan vətəndaşlarını, xarici ölkələrdə yaşayan azərbaycanlıları vahid amal uğrunda birləşdirən ideologiyadır. Azərbaycançılıq ideologiyası ölkəmizdə etnik köklərindən və dini mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarını tək bayraq, tək dövlət, tək vətən, tək millətdə birləşdirir. Azərbaycançılıq bizim milli birliyimiz, bərabərliyimiz və qardaşlığımız deməkdir. 

Məhz Azərbaycançılıq ideologiyasının nəticəsində bütün Azərbaycan vətəndaşları Cənab Prezidentimiz İlham Əliyevin çağırışına səs verərək, vətən torpağını işğalçı Ermənistandan təmizlədi. Bu ideologiya bizim təkcə bu günümüzün deyil, gələcəyimizin də təməl daşıdır və buna görə biz bir millət olaraq Ulu öndər Heydər Əliyevin xidmətlərini heç bir zaman unutmamalıyıq. 

Azərbaycançılıq ideologiyasının inkişafı prosesində zaman-zaman yeni ideyalar, hədəflər yarana bilər. Bu da təbiidir. Torpaqlarımızın işğaldan azad edilməsi bizim başlıca milli hədəfimiz, milli ideyamız idi. Biz bu milli hədəfə, milli ideyaya tariximizin ən böyük strateqi, Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında nail olduq. Ondan sonra başlanan dinc quruculuq dövründə bizim başlıca hədəfimiz işğaldan azad olunmuş torpaqlarımızı dirçəltmək, yenidən qurmaq, keçmiş məcburi köçkün bacı və qardaşlarımızı daimi yurd yerlərinə qaytarmaq və tarixi torpaqlarımızdan qovulmuş yurddaşlarımızın dinc yolla Qərbi Azərbaycana qaytarılmasıdır”. 

Parlament sədrinin müavini vurğulayıb ki, Azərbaycançılıq ideologiyasının təbliğinda media qurumları və təhsil müsəssisələri müstəsna rol oynaya bilər:

“Azərbaycançılıq ideologiyası bizi tək bir millət olaraq ayaqda dimdik saxlayır. Bunun əleyhinə olan bəzi şəxslər alternativ olaraq nəyi görürlər? Azərbaycançılığın əleyhinə getmək müstəqil Azərbaycan dövlətinin, tək millətimizin, tək bayrağımızın, tək vətənimizin əleyhinə getməkdir. 

Tarixi şəraitə uyğun olaraq daim zənginləşən Azərbaycançılıq ideologiyası millətimizin birliyinin və bütövlüyünün təməlini təşkil edir. Bu ideologiyanın təbliğindən ötrü çoxlu işlər görülməlidir. İlk növbədə, Azərbaycançılıq bağçalarda, məktəblərdə bütün şüurlara hakim olmalıdır. Xüsusən, tarix, coğrafiya, ədəbiyyat dərsliklərində Azərbaycançılıq ideologiyasına geniş yer ayrılmalıdır. Hər bir mövzu gənc nəsildə dövlət, vətən, torpaq və millət sevgisi aşılamalıdır. 

Dərsliklərdə hər bir ifadəyə xüsusi diqqət verilməlidir. Dərslik dövlət siyasəti olduğundan onun hər bir şəxs tərəfindən yazılması nə qədər düzgündür? Azərbaycançılıq ideologiyasının təbliğində televiziyalarımız müstəsna rol oynaya bilər. Doğrudur, ölkəmizdə media, televiziyalar müstəqildir. Amma televiziya kanallarında Azərbaycançılıqla bağlı sənədli filmlərin nümayiş etdirilməsi fayda verərdi. Bu sahədə qeyri-hökumət təşkilatları da müəyyən işlər görə bilər. “Suverenlik və konstitusiya ili” çərçivəsində ən çox təbliğ olunmasına ehtiyac duyulan məsələlərdən biri Azərbaycançılıq ideologiyasıdır”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır.   


Telegram kanalımız
Избранный
17
yenisabah.az

1Источники