“Sumqayıt”ın iki legioner futbolçusu – Tresor Mossi və Ronaldo Vaskes ölkələrinin milli komandalarına dəvət alıb.
Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, yarımmüdafiəçi Ronaldo 22 və 26 mart tarixlərində Puerto Riko ilə yoxlama oyunları keçirəcək Dominikan Respublikası seçməsinə çağırılıb.
Mossi isə dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 21-də Fil Dişi Sahili, 25-də isə Seyşel adaları ilə qarşılaşacaq Burundi yığmasına dəvət alıb.
Tresor Mossi 2023-cü ilin avqust ayından “Sumqayıt”da çıxış edir. 23 yaşlı dayaq yarımmüdafiəçisinin bu klubla 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var. O, Azərbaycan klubunun heyətində indiyə qədər 58 oyuna keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.
Mossi ölkəsinin “Egl Nuar” klubunun yetirməsidir. O, 2021-ci ilin iyul ayında “Vesterlo”ya keçsə də, bu klubun əsas komandasında rəsmi matça çıxmayıb. Bu üzdən də gənc yarımmüdafiəçi bir mövsüm Lüksemburqun “Keryenq” klubunda icarədə olub.
Tresor 2020-ci ilin yanvar ayında debüt etdiyi Burundu yığmasında 9 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.
Dominikan Respublikası millisinin sol vingeri olan Ronaldo Junior Vaskes isə bu ilin yanvar ayından “Sumqayıt”ın formasını geyinir. Onun bu klubla 1,5 illik müqaviləsi var. 25 yaşlı yarımmüdafiəçi “Sumqayıt”ın heyətində indiyə qədər 7 oyuna çıxıb, fərqlənə bilməyib.
Qeyd edək ki, Ronaldo Vaskes karyerası boyunca yetirməsi olduğu “Atletiko Pantoxa” (Dominikan Respublikası) ilə yanaşı “Hapoel” (Təl-Əviv, İsrail) və “Quabira” (Boliviya) klublarında da çıxış edib.
Yarımmüdafiəçi 2018-ci ilin mart ayında Dominikan Respublikası milli komandasında debüt edib. “Sumqayıt”ın yeni transferi ölkəsinin yığmasında keçirdiyi 37 oyunda 6 qol vurub, 7 məhsuldar ötürmə verib.