"Digital Trends" nəşrinin mütəxəssisləri "Windows 10" əməliyyat sistemindən istifadə ilə bağlı xəbərdarlıq ediblər.
BAKU.WS xəbər verir ki, bu barədə məqalə nəşrin rəsmi saytında dərc edilib.
Mütəxəssislər xatırladıblar ki, 2025-ci ilin oktyabr ayından etibarən Microsoft Windows 10-un dəstəyini tamamilə dayandıracaq və sistem üçün təhlükəsizlik yeniləmələri və düzəlişlər buraxmayacaq.
Müəlliflər "Statcounter" agentliyinin məlumatlarına istinad edərək bildiriblər ki, bu köhnəlmiş sistem hələ də istifadəçilərin 58,83 faizinin kompüterlərində quraşdırılıb.
Microsoft-un iki il müddətinə pullu yeniləmələr təqdim edəcəyi bildirilir. Bu yeniləmələrin qiyməti 30 dollar (51 AZN) təşkil edəcək. Lakin məqalədə vurğulanıb ki, əksər istifadəçilər bu ödənişi etməyəcək, lakin Windows 10-dan imtina etməyəcək. Nəticədə, bu istifadəçilər kiberhücumlar və hakerlər üçün potensial hədəfə çevrilə bilərlər.
Məqalədə Microsoft-un sərt tələbləri yumşalda biləcəyi və yeniləmələrin ödənişini ləğv edəcəyi ehtimalı da irəli sürülüb. Bundan əlavə, ən təhlükəli virusların yayılacağı təqdirdə, şirkətin bütün istifadəçilər üçün təhlükəsizlik yeniləmələri buraxa biləcəyi qeyd olunub.