RU

Davamlı sosial dəstək

Mənzillə təmin edilən hərbi qulluqçuların sayı 4167 nəfərə çatıb

Azərbaycanda hərbçilərə dövlətin əhatəli dəstək tədbirləri davam etməkdədir. Bu günlərdə Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusunun mənzillə təmin edilməsi onların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində yürüdülən siyasətin tərkib hissəsi kimi dəyərləndirilə bilər. Belə ki, hərbçilərin mənzil təminatı üzrə yaradılmış Komissiyanın martın 11-də keçirilən iclasında Bakı və Sumqayıt şəhərlərində alınmış tam təmirli 131 mənzil hərbi qulluqçulara verilib. Beləliklə, dövlət vəsaiti hesabına mənzil alan hərbçilərin sayı 4167 nəfərə çatıb.

Qeyd edək ki, hərbçilərin mənzillə təminatı dövlət başçısının “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli Fərmanı əsasında yaradılmış Komissiyanın qərarları ilə həyata keçirilir. Müəyyən edilmiş meyarlara əsasən, Azərbaycan Ordusunda 20 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları növbəliliklə ardıcıl olaraq mənzillərlə təmin olunur. Komissiya tərəfindən Müdafiə Nazirliyinin təqdim etdiyi siyahılar əsasında mənzil növbəsinə mütəmadi baxılır və vaxtaşırı mənzil almaq hüququ qazanan hərbi qulluqçular mənzil növbəsinə əlavə edilir. Hər il yüzlərlə hərbçi dövlətin bu, mühüm sosial proqramından bəhrələnir.

Hərbi qulluqçuların maaşları 20 faiz artırılıb

Hərbçilərə dövlətin sosial qayğı siyasəti davamlı xarakter daşıyır və bundan sonra da hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi prosesi həyata keçiriləcək. Onların mənzil-məişət şəraiti ilə yanaşı, sosial təminatı da davamlı olaraq yaxşılaşdırılır, dövlət büdcəsinin imkanları hesabına onların əməkhaqları və təqaüdləri artırılır. 2025-ci ildən start verilmiş yeni sosial islahat paketinə uyğun olaraq, Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət keçən qulluqçularının aylıq vəzifə maaşları yanvar ayının 1-dən artırılıb. Eləcə də bir sıra dövlət orqanlarında xüsusi hərbi rütbəsi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə maaşlarında artımlar edilib, Müdafiə Nazirliyinin mülki işçilərinin də aylıq vəzifə maaşları 20 faiz artırılıb.

Ümumiyyətlə, büdcənin sosial xərclərinin strukturunda hərbi qulluqçuların sosial təminatı başlıca yerlərdən birini tutur, onların əməkhaqları, pensiya və təqaüdlərinin artrırılması istiqamətində ardıcıl addımlar atılır, aylıq vəzifə maaşlarına müəyyən edilən müddəti əlavələr ödənilir.

Xüsusi güzəştli ipoteka imkanları genişləndirilir

Hərbi qulluqçulara şamil edilən sosial tədbirlərin daha bir təzahürü onların güzəştli ipoteka proqramında daha öncül qaydada yararlanmasıdır. Dövlət onlara bir sıra güzəştlər verməklə yanaşı, İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli şərtlərlə ev alan zabit və gizirlərin kreditinin faizini özü qarşılayır ki, bu da sosial qayğının daha bir nümunəsidir. Ötən il Prezident İlham Əliyevim imzaladığı müvafiq fərmana əsasən, “Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası” təsdiq edilib. Yeni qaydalar xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilən güzəştli ipoteka kreditlərinə dövlət dəstəyini əhatə edir. Belə ki, fərmanın müddəalarına əsasən, ipoteka krediti ilə ev alan xüsusi təyinatlıların aylıq kredit ödənişinin yarısını dövlət ödəyəcək. Bundan başqa, xüsusi təyinatlılar ipoteka krediti götürərkən ilkin ödənişi də dövlət edəcək, gələcəkdə isə xüsusi təyinatlılara krediti bağlamaq üçün daha bir dəfə maddi dəstək veriləcək.

Həmçinin dövlət başçısının 2018-ci il 1 may tarixli fərmanı ilə təsdiq olunmuş “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”yə edilmiş dəyişikliklərə əsasən, Müdafiə Nazirliyi hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi imkanlarının daha da yaxşılaşdırılması nəzərdə tutulub. Qaydalara əsasən, Milli Müdafiə Universitetinin tabeliyindəki Heydər Əliyev adına Hərbi İnstitutun bakalavriat səviyyəsində, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursunda, Bakı Hərbi Kollecində, Gəncə Hərbi Kollecində və Naxçıvan Hərbi Kollecində təhsil almış hərbi quluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstəriləcək. Onların mənzil təminatının həlli üçün İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditləşməsi həyata keçiriləcək.

Hərbçilərin aylıq kreditinin 50 faizini dövlət ödəyir

Dövlətin ipoteka güzəştlərindən 2024-2025-ci tədris ilindən başlayaraq dövlətlərarası müqavilə əsasında xarici ölkələrin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5  təqvim ili zabit və ya gizir  kimi həqiqi hərbi xidmət keçən Azərbaycan hərbi qulluqçuları da istifadə edə biləcəklər. Xarici ölkələrin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 təqvim ili zabit və ya gizir (miçman) kimi həqiqi hərbi xidmət keçən ölkə vətəndaşları olan bütün hərbi qulluqçulara bu güzəştlər şamil olunacaq. Nəticədə güzəştli ipoteka ilə əhatə olunan hərbçilərin sayı daha da artmış olacaq.

Maliyyə dəstəyi güzəştli ipoteka kreditinin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin bir hissəsi və aylıq annuitet ödənişlərinin bir hissəsi üzrə yalnız bir yaşayış sahəsinin satın alınması məqsədilə müddəti azı 15 il olan güzəştli ipoteka kreditləri üzrə göstəriləcək. Yəni, hərbçilər güzəştli ipoteka imkandan yalnız bir dəfə  istifadə edə biləcəklər və bunun üçün kreditin müddəti 15 ildən artıq olmalıdır.

Dövlət ilkin ödənişi də tamamilə öz resursları hesabına qarşılayacaq. Belə ki, hərbçilərə ipotepka krediti götürəndə ilkin ödəniş dövlət tərəfindən ödənilməklə, həmin məbləğ alınan evin qiymətinin 15 faizi qədər olmalıdır. Yəni 100 min manat məbləğində alınan evin ilkin ödəniş limiti 15 min manatı keçməməlidir. Burada bir məqam var ki, bu da ipoteka siyasətində sonradan maliyyələşmə mexanizmi ilə tənzimlənəcək. Belə ki, hərbçi ev və ya mənzil alarkən ödədiyi ilkin ödənişi, tutalım ki, 15 min manatı özü birbaşa borc sahibinin hesabına köçrübsə, həmin vəsaiti sonradan dövlətdən geri ala biləcək. Çünki, həmin ödənişə dövlət özü zəmanət verir. Bundan başqa, hərbçilərin aylıq kreditlərinə də böyük güzəştlər nəzərdə tutulub. Onların aylıq kredit üzrə ödənişlərin 50 faizini dövlət ödəyəcək. Göründüyü kimi hərbçilərin sosial təminatının, mənzil şəraitinin yaxşılaşdırılması dövlətin yürütdüyü siyasətin ən prioritet istiqamətlərindən biri kimi hər zaman ön planda dayanır.

E.CƏFƏRLİ

Избранный
6
yeniazerbaycan.com

1Источники