RU

Azərbaycan - Şimali Makedoniya: İkitərəfli siyasi dialoq dinamik xarakter alır

Milli maraqlar üzərində qurulan və ardıcıllıqla davam etdirilən multiregional xarici siyasət kursu Azərbaycana bütün dünyada böyük nüfuz qazandırıb. Bu gün respublikamız beynəlxalq miqyasda müstəqillik, suverenlik prinsiplrindən çıxış edən, heç kimdən asılı olmayan, eyni zamanda, yeni çağırışlar qarşısında qlobal həmrəyliyin möhkəmlənməsinə sanballı töhfələr verən ləyaqətli dövlət kimi tanınır və hörmət bəslənilir. Ölkəmizlə tərəfdaşlıq münasibətlərini genişləndirməyə çalışan dövlətlərin sayının getdikcə artması bunun əyani təzahürüdür.

Belə dövlətlərdən biri də Şimali Makedoniyadır. Bu günlərdə Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova respublikamıza rəsmi səfərə gəlib. Səfər çərçivəsində ikitərəfli və çoxtərəfli formatlarda bir sıra görüşlər keçirilib, aktual müzakirələr aparılıb və prezidentlər mətbuata bəyanatlar veriblər. “Biz ikitərəfli münasibətlərimizin inkişafı üçün fəal iş aparırıq. Şadam ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzində bunun əyani sübutudur”, - deyə Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında vurğulayıb.

Azərbaycanın xarici siyasət prioritetlərindən biri - Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi

Azərbaycan qısa müstəqillik tarixində həm İslam coğrafiyasında, həm də Avropa İttifaqı (Aİ) məkanında yerləşən ölkələrlə sıx əməkdaşlıq əlaqələri qurmağa nail olub. O cümlədən bu gün  Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi respublikamızın xarici siyasət kursunun prioritet istiqamətlərindən biridir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrin qurulmasında mühüm rol oynayır.

Rusiya ilə Ukrayna arasında davam edən müharibə Avropanın enerji təhlükəsizliyinə ciddi təhdid yaradıb. Hərbi əməliyyatlar başlayandan bəri Avropanın enerji bazarında təbii qazın qiyməti artıb. Belə ki, ötən ilin dekabrında Avropa birjalarında təbii qazın qiyməti 30 faiz artaraq 1000 kubmetr üçün 560 dollardan 700 dollara yüksəlib. Bu vəziyyət Balkan dövlətlərini də düşündürür və onları enerji təhlükəsizliyinin təmin olunması üçün yollar axtarmağa vadar edir.

Belə bir vəziyyətdə zəngin resurslara malik olan Azərbaycan qoca qitə üçün bir növ xilaskara çevrilib. Ölkəmiz ədalətli enerji siyasəti həyata keçirir. Azərbaycanın birmənalı mövqeyinə diqqət çəkən Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, enerji amilindən siyasi təzyiq vasitəsi kimi istifadə olunması yolverilməzdir. Bunun nəticəsidir ki, ayrı-ayrı Avropa dövlətləri respublikamızla enerji əməkdaşlığını genişləndirməyə çalışırlar. Azərbaycan 2021-ci ilin iyulunda Aİ ilə imzaladığı müqaviləyə əsasən, 2027-ci ilədək Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixracının həcmini 30 milyard kubmetrə çatdıracaq. Bu gün Yunanıstanın təbii qaza olan tələbatının 18 faizini Azərbaycan ödəyir. Cari ildə Yunanıstana 1,2 milyard kubmetr təbii qazın ixrac edilməsi nəzərdə tutulub. Energetika Nazirliyinin açıqlamasına əsasən, 2028-ci ildə “Ümid” və “Abşeron” yataqlarından böyük həcmdə təbii qazın hasil edilərək dünya bazarına çıxarılması gözlənilir. Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrdir ki, bu da uzun müddətdə qaz ixracının artırılmasına imkan verir.

Bu gün Avropanın 4 ölkəsində - Macarıstan, Slovakiya, Çexiya, Avstriyada ciddi enerji problemi gözlənilir. Təsadüfi deyil ki, bu dövlətlərin başçıları Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını ifadə edirlər. Azərbaycan neft və təbii qaz ilə zəngin ölkə olduğu üçün Qərb dövlətlərinin bazarlarında təmsilçiliyini daha da genişləndirmək  niyyətindədir. Bu baxımdan 2023-cü ildə Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya, həmin ilin dekabrında Serbiyaya rəsmi səfərləri, cari ilin yanvarında Davos İqtisadi Forumunda Xorvatiyanın Baş naziri ilə görüşü qarşılıqlı əməkdaşlığın inkişafı üçün böyük əsaslar yaradıb.

Azərbaycan Balkanlarda yerləşən Şimali Makedoniya üçün də cəlbedici ölkədir. Bu dövlət ilə də enerji əməkdaşlığının böyük perspektivləri var. Ölkəmizin bir çox qlobal neft və qaz layihələri Şimali Makedoniyanın maraq dairəsindədir. Həmçinin Cənub Qaz Dəhlizi, Trans Anadolu Qaz kəməri (TANAP), Trans Adriatik Qaz kəməri (TAP) layihələrində Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun da Şimali Makedoniya ilə yaxın əlaqələri mövcuddur. Bakı ilə Skopye arasında əməkdaşlıq ölkəmizin Qərbdə xüsusilə daha da aktuallaşan enerji təhlükəsizliyi məsələsində güclənən mövqeyini və rolunu bir daha ifadə etmiş olur. Respublikamızın Avropa və ölkəsi üçün əhəmiyyətinin artdığını bildirən Prezident Qordana Silyanovska-Davkova “Azərbaycan nəinki beynəlxalq geosiyasi səhnədə mühüm yerləşməsi ilə seçilir, o cümlədən bizim kimi kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpaolunan enerji baxımından çox maraqlı tərəfdaşa çevrilir”, - deyə vurğulayıb.

Mətbuata bəyanatında Prezident İlham Əliyev diqqəti Azərbaycanla Şimali Makedoniya arasında enerji əməkdaşlığında son ayların uğurlarına diqqət çəkib. Ötən ilin sonlarından başlayaraq Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılıb. Cari ildə bu təchizat müntəzəm qaydada davam etdiriləcək. Prezident İlham Əliyev bildirib ki, gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artıra bilərik. Çünki biz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq. “Bildirməliyəm ki, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir. Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Yəni, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və mən ümid edirəm ki, bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Oxşar inkişaf proseslərindən keçən iki dövlət

Qədim tarixə malik olan makedoniyalılar müxtəlif imperiyaların tərkibində yaşasalar da, milli düşüncələrini itirməyərək, 1990-ci illərdə dünyada baş verən geosiyasi dəyişiklərdən istifadə edərək müstəqilliklərini qazandılar. Yuqoslaviyanın dağılması ilə müstəqillik əldə edən Şimali Makedoniya ilə Azərbaycanın yeni tarixində bənzər məqamlar çoxdur. Hər iki dövlət imperialist siyasətin qurbanı olmuş və SSRİ-nin dağılmasından sonra müstəqillik qazanaraq inkişaf mərhələsinə qədəm qoymuşlar.

Oxşar tariximiz və inkişaf prosesləri, eyni zamanda, Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb. Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.

Şimali Makedoniya Respublikasının keçmiş prezidenti Qeorqe İvanov 2015, 2016, 2017 və 2018-ci illərdə müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana işgüzar səfərlər edib. Həmin səfərlər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşlərdə regional əməkdaşlıq məsələləri müzakirə edilib. Hazırkı Prezident Qordana Silyanovska-Davkova respublikamızda ilk dəfə 2024-cü  ilin noyabr ayında səfərdə olub. Prezident İlham Əliyev Şimali Makedoniyanın dövlət başçısının COP29 konfransında fəal iştirakını və konfransın uğurla keçirilməsinə öz töhfəsini vermisini xüsusi vurğulayıb. Noyabr ayında görüş əsnasında dövlətimizin başçısı xanım Prezidenti respublikamıza səfərə dəvət edib və dəvət məmnuniyyətlə qəbul olunub.

Digər səviyyələrdə də əlaqələr yüksək dinamika ilə inkişaf edir. 2000-ci ildə Şimali Makedoniya və Azərbaycan parlamentlərarası işçi qrupu yaradıb və bu qrup hazırda uğurla fəaliyyət göstərir. Cari ilin fevralında Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransında Azərbaycanın xarici içlər naziri Ceyhun Bayramovla Şimali Makedoniyanın xarici işlər naziri Timko Muçunski arasında görüş olub. Bu görüşdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı perspektivləri müzakirə edilib.

Bütün bunları nəzərə alaraq əminliklə söyləyə bilərik ki, Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycana rəsmi səfəri yaxın zamanlarda Bakı ilə Skopye arasında ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini şərtləndirəcək.

Mübariz ABDULLAYEV

Избранный
2
1
yeniazerbaycan.com

10Источники