RU

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri qliserinin zərərləri barədə xəbərdarlıq edir- AÇIQLAMA

Qida təhlükəsizliyi mütəxəssisi və Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova QHT.az-a verdiyi açıqlamada qliserinin qida və içkilərdə geniş yayılmasına diqqət çəkib.

Onun sözlərinə görə, qazlı və şəkərli içkilər, eləcə də öskürək və bronx xəstəliklərində istifadə olunan siroplarda qliserin tərkibində mövcuddur:

"Qliserin bəzən birbaşa qliseril kimi qeyd olunsa da, müxtəlif adlarla da göstərilə bilər. Əsasən E 422 kodu altında qeyd olunan bu maddə bəzi məhsullarda qliserol və ya propandiol kimi göstərilir. Qida məhsullarında, şirin içkilərdə və siroplarda daha çox nəmləndirici və konservant kimi istifadə olunur. Qliserin müxtəlif yollarla əldə oluna bilər. Əgər propendən alınırsa, sintetik mənşəlidir. Şəkərin bakterial fermentasiyası yolu ilə əldə olunarsa, təbii mənşəli hesab edilir. Heyvan və bitki mənşəli yağlardan da istehsal edilə bilər. Xüsusilə bəzi ölkələrdə geni dəyişdirilmiş qarğıdalıdan əldə olunan qliserinə də rast gəlinir. Bu səbəbdən qida məhsullarının tərkibində qliserinin hansı mənşədən əldə edildiyini diqqətlə araşdırmaq vacibdir".

Məhsəti Hüseynova həmçinin, son dövrlərdə "şəkərsiz" və ya "dietik" adlandırılan qazlı içkilərdə də qliserinin istifadə olunduğunu vurğulayıb:

"Son dövrlərdə "şəkərsiz" və ya "dietik" kimi təqdim olunan qazlı içkilərdə də qliserin istifadə olunur. Bu maddə az miqdarda qəbul edildikdə orqanizm üçün ciddi zərər yaratmasa da, davamlı və yüksək dozada istifadəsi həzm problemlərinə, qarında şişkinliyə, ağrılara və bəzən ishala səbəb ola bilər. Mədə-bağırsaq problemləri olan şəxslər qəbul etdikləri qidaların tərkibinə mütləq diqqət etməlidirlər. Qliserin şəkər əvəzedicisi kimi istifadə olunsa da, maddələr mübadiləsinin sürətinə təsir edərək qanda şəkər səviyyəsini artıra bilər. Bu səbəbdən şəkərli diabet xəstələri məhsulların tərkibini diqqətlə yoxlamalıdırlar".

 

Ardı var...

 

Pərvanə Fərhadqızı

QHT.az

Избранный
6
qht.az

1Источники