Ermənistanda hələ də mövcudluqlarını qorumağa çalışan separatçıların son dövrlər aktivləşdiyi haqda məlumatlar yayılıb.
Publika.az xəbər verir ki, Ermənistan mediası separatçıların son iki ayda intensiv şəkildə toplaşdığını yazır.
İrəvanda hələ də qalan qondarma “artsax nümayəndəliyi”ndə keçirilən görüşlərdə ermənilərin Qarabağa qayıdış imkanları müzakirə edilir. Bu qayıdış planında ermənilərin Qarabağda Azərbaycan vətəndaşlığından kənar şəkildə yaşaması, separatizmin yenidən başlanması hədəfləri var. Bu hədəfə nail olmaq üçün beynəlxalq təşkilatlara müraciətlər edilir. Onlar ümid edirlər ki, beynəlxalq qüvvələrin dəstəyi ilə buna nail ola bilərlər.
Məlumatlara görə, son müzakirələrdə separatçıların qondarma “prezidenti” adlandırılan Samvel Şahramanyanın “səlahiyyətini” davam etdirməsi olub. Bu məqsədlə yeni qondarma “seçkilərin” keçirilməməsi məsələsi müzakirə olunur.
Separatçıların aktivləşməsinə səbəb geosiyasi müstəvidə baş verən proseslərdir. Onlar bu prosesin nəticəsində Cənubi Qafqazda şərtlərin dəyişəcəyinə və Qarabağda separatizmi yenidən başlada biləcəklərinə ümid edirlər. Əslində bunun mümkün olmadığını da anlayırlar, sadəcə olaraq aktivlik nümayiş etdirməklə mövcudluqlarını saxlayır və erməni diasporundan maliyyə əldə edirlər.