Azərbaycan və Şimali Makedoniya: İkitərəfli münasibətlərdə yeni əməkdaşlıq mərhələsi - Hicran Hüseynova
Azərbaycan və Şimali Makedoniya ikitərəfli münasibətləri fəal şəkildə inkişaf etdirir və əməkdaşlığın istiqamətlərini geditdikcə genişləndirir. Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri zamanı iki ölkənin liderləri İlham Əliyev və Qordana Silyanovska-Davkova həm təkbətək, həm də geniş tərkibdə məhsuldar danışıqlar apardılar, mətbuata bəyanatlarla çıxış etdilər. Bu səfər Bakı ilə Skopye arasında tərəfdaşlığın dərinləşməsi, gələcək əməkdaşlıq üçün yeni perspektivlərin açılması ilə yadda qaldı. Şimali Makedoniya Prezidentinin Azərbaycanın paytaxtına səfəri Balkanlar və Cənubi Qafqaz arasında əlaqələrin inkişafında yeni mərhələnin simvolu oldu. Prezident İlham Əliyevin Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat zamanı bu məsələyə toxunaraq bildirdi ki, “Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır”. Səfərin əsas məqamlarından biri enerji sahəsində əməkdaşlığın müzakirəsi idi. Qeyd etmək lazımdır ki, Avropanın enerji arenasında mühüm oyunçuya çevrilən Azərbaycan qaz tədarükünün coğrafiyasını genişləndirməkdə davam edir və Şimali Makedoniya ötən ilin sonundan Azərbaycan qazını almağa başlayıb. Bu addım ölkənin enerji müstəqilliyinə mühüm töhfə oldu. Mətbuata verdiyi bəyanat zamanı Prezident İlham Əliyev qaz təchizatının davam etdirilməsinin vacibliyini vurğuladı və Azərbaycanda yeni qaz yataqlarının işlənilməsi sayəsində gələcəkdə həcmlərin artırılmasının mümkünlüyünü qeyd etdi: “Son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi, bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artıra bilərik. Çünki biz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq”.
Məlumdur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaşdır. 2022-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsinin imzalanması bunun əyani sübutudur. Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir vəonlardan 10-u Avropa ölkəsidir. Azərbaycan qazının bu il Şimali Makedoniyaya müntəzəm tədarükü regionun enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirəcək. Bu addım həm də Azərbaycanın Avropa qitəsini etibarlı enerji mənbələri ilə təmin etmək üzrə daha geniş strategiyasının bir hissəsidir. Ölkələr arasında enerji əlaqələrinin inkişafı təkcə iki ölkəyə deyil, həm də alternativ enerji mənbələrinə ehtiyacı olan bütün Avropaya təsir göstərən uzunmüddətli strateji tərəfdaşlığın mühüm elementidir.
Şimali Makedoniya prezidentinin səfəri təkcə iqtisadiyyat və enerji məsələləri ilə məhdudlaşmır. Bu səfər həm də xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsi üçün mədəni diplomatiyadan istifadənin parlaq nümunəsinə çevrildi. Prezident Siljanovska-Davkova səfər zamanı Azərbaycanın mədəni həyatı ilə daha yaxından tanış olmağı planlaşdırdığını və yaranmış fürsətə görə dövlət başçımıza minnətdarlığını bildirdi: "Ölkəniz müsəlman Şərqində ilk respublikanı yaradıb, ilk opera və ilk filarmoniya məhz burada yaradılıb. Bu ölkə zəngin mədəniyyəti ilə seçilir. Keçən dəfə dediyim kimi, budəfəki səfərim zamanı ilk dəfə gedə bilmədiyim muzeylərə baş çəkəcəm”. Diplomatik əlaqələri gücləndirməklə yanaşı, mədəni mübadilə qlobal səviyyədə birgə təşəbbüslər üçün yeni imkanlar açır.
İkitərəfli münasibətlərin nisbətən yaxınlarda başlamasına baxmayaraq, Şimali Makedoniya Prezidentinin Bakıya səfəri əməkdaşlığın perspektivlərinə inamı gücləndirir. Balkan ölkələri üçün mühüm tərəfdaş olan Şimali Makedoniya və beynəlxalq aləmdə öz mövqelərini fəal şəkildə möhkəmləndirən Azərbaycan enerji, təhsil və turizm kimi sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açır. Strateji yerləşməsi və müxtəlif resursları ilə Azərbaycan bütün dünya üzrə tərəfdaşları ilə qarşılıqlı fəaliyyət üfüqlərini genişləndirərək potensialını inkişaf etdirməkdə davam edir. Prezident Siljanovska-Davkova həmçinin vurğuladı ki, gələcək əməkdaşlığın mühüm hissəsi humanitar əlaqələrin və gənclərin təşəbbüslərinin gücləndirilməsinə töhfə verəcək universitetlər arasında təhsil mübadiləsi və qarşılıqlı fəaliyyətin inkişafı olacaqdır. Azərbaycan beynəlxalq forumların təşkili sahəsində çoxillik təcrübəsinə malik olmaqla, qlobal problemlərə dair məhsuldar görüşlər və müzakirələr üçün platforma yaratmağa davam edəcəkdir. Beləliklə, Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm addım oldu və daha dərin əməkdaşlıq üçün yeni imkanlar açdı. Əsas sahələrdə əlaqələrin genişləndirilməsi tərəfdaşlığın strateji xarakterini vurğulayır ki, bu da iqtisadi, mədəni və təhsil mübadilələrinin gələcək inkişafı üçün perspektivlər açır. Bu səfər müasir qlobal çağırışlar kontekstində iki region arasında daha sıx əməkdaşlığa zəmin yaradır. Nəhayət, bu tərəfdaşlıq qloballaşan dünyada səmərəli əlaqələr qurmaq istəyən digər ölkələr üçün bir model ola bilər.
Hicran Hüseynova, Milli Məclisin komitə sədri, professor