RU

Neft Emalı Zavodunda baş vermiş yanğınla bağlı cinayət işi başlanıb, saxlanılan var

Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi başlanılıb...

Poliqon xəbər verir ki, bu barədə DTX-nın Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, martın 5-də Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən SOCAR Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı aidiyyəti dövlət orqanları ilə birgə kompleks tədbirlər həyata keçirilib.

Təhlükəsizlik qaydalarına əməl edilməyib

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, SOCAR Neft Emalı Zavodunun 2 nömrəli istehsalat sahəsinin 21 nömrəli ilkin emal qurğusunun N-21/1 saylı nasos sisteminin iş planına uyğun təmirə hazırlanması prosesində müvafiq təhlükəsizlik qaydalarına əməl edilməyib.

Belə ki, növbə qəbulu zamanı nasosda mazut axınının davam etməsi barədə birbaşa xəbərdaredici yazılı məlumat verilməsinə baxmayaraq, 4-5 mart 2025-ci il tarixlərində olan növbə heyəti qurğunu təmirə tam hazır vəziyyətə gətirmədən və borunun ağır dizel fraksiyası ilə təmizlənərək boş olmasını təmin etmədən təmir-bərpa qrupuna təhvil verib.

Nəticədə nasos avadanlığı ümumi qurğudan təmir məqsədilə ayrılarkən tezalışan mazut kütləsinin borudan təzyiq altında sızaraq, alovlanıb geniş ərazini əhatə edən yanğın yaratması insanların həyat və sağlamlığına ciddi təhlükə doğurub, ilkin emal qurğusunun istismardan çıxarılmasına, ətrafda olan konstruksiyaların yanmasına və əlaqəli digər texniki qurğuların sıradan çıxmasına, habelə yanacaq materiallarının istehsalı prosesində fasilələr yaranmasına və maddi ziyan vurulmasına səbəb olub.

Martın 8-də təkrar yanğın təhlükəsi yaranıb, müəssisədə iş prosesi pozulub və maddi ziyan vurulub

Bundan başqa, 8 mart 2025-ci il tarixində yanğının nəticələrinin aradan qaldırılması və qurğunun təmirə hazırlanması prosesi çərçivəsində eyni növbə heyəti tərəfindən həmin ilkin emal qurğusunun borularında və qurğuda olan dizel məhsulunun boşaldılması zamanı təhlükəsizlik qaydaları pozulub, ərazidə qaynaq işləri aparılmasına baxmayaraq, dizel məhsulu emal qurğusunun yerləşdiyi torpaq sahəsinə axıdılıb, bununla da təkrar yanğın təhlükəsi yaranıb, müəssisədə iş prosesi pozulub və maddi ziyan vurulub.

Növbə heyəti rəhbəri, baş operator cinayət məsuliyyətinə cəlb edilib

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə növbə heyəti rəhbəri, baş operator Qarayev Sadiq Hümbət oğlu saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarının pozulması) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Poliqon.info

Избранный
5
49
poliqon.info

10Источники