RU

Gəncə Dövlət Peşə Təhsil Mərkəzində qısamüddətli təlim keçən müdavimlərlə görüş olub

Gəncə, 13 mart, Elcan Məmmədov, AZƏRTAC

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində qısamüddətli təlim keçən müdavimlərlə görüş keçirilib.

Tədbirdə "Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin şöbə müdiri Anar Aslanov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedov iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş çərçivəsində qənnadçı-şirniyyatçı, satış təmsilçisi, mehmanxana qeydiyyatçısı, barmen və ofisiant ixtisasları üzrə təlimlərdə iştirak edən müdavimlərin əvvəlki təcrübələri və qazanacaqları biliklər müzakirə edilib. Təlim iştirakçıları proqramın onlara verdiyi imkanlar və peşəkar inkişaf perspektivləri haqqında fikirlərini bölüşüblər.

Qeyd edək ki, Gəncə şəhərində məskunlaşan 100 keçmiş məcburi köçkün qənnadçı-şirniyyatçı, satış təmsilçisi, mehmanxana qeydiyyatçısı, barmen və ofisiant ixtisasları üzrə Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində qısamüddətli təlimlərə cəlb edilib. Təlim proqramları nəzəri biliklərin və praktik bacarıqların inteqrasiyası əsasında hazırlanıb. Təlimlərin əsas məqsədi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin kvalifikasiyalarının artırılması yolu ilə davamlı məşğulluğunun təmin edilməsidir.

Təlimləri uğurla başa vuran şəxslərə əmək fəaliyyətinə başlamağa imkan verən dövlət nümunəli sertifikat təqdim olunur.

Ümumilikdə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində keçirilən qısamüddətli təlimlər 8 peşə təhsil müəssisəsində 42 ixtisas üzrə keçirilir. Müvafiq sahələr üzrə yeni bilik və bacarıqlara yiyələnmək istəyən məcburi köçkünlər portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçərək iştirak edə bilərlər.

Избранный
3
2
azertag.az

4Источники