Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 4,1 milyard dollar olub. Bu dövriyyənin 50,3 faizi ixracın, 49,7 faizi isə idxalın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi real ifadədə 9,3 faiz artıb. Nəticədə, ticarət dövriyyəsində 21,1 milyon dollarlıq müsbət saldo əldə edilib.
"Bu rəqəmlər müsbət dinamika nümayiş etdirir, lakin bəzi narahatlıq doğuran məqamlar da mövcuddur. Ticarət dövriyyəsində müsbət saldo olsa da, 4,1 milyard dollarlıq dövriyyəyə qarşı 21 milyon dollarlıq müsbət saldo çox kiçikdir. Hətta bu, dövriyyənin yalnız 0,5 faizini təşkil edir. Yəni hər 100 dollarlıq ticarətdə ölkəyə yalnız 50 sent pul qalıb".
Milli.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki, yanvar ayında neft qiymətləri hazırkı satış qiymətlərindən daha yüksək idi. Buna görə də, qeyri-neft ixracının artmaması halında qarşıdakı dövrlərdə ticarət balansında mənfi dəyişikliklər baş verə bilər:
"Digər bir mənfi dinamika idxalın real ifadədə 50,1 faiz artması, ixracın isə 12,5 faiz azalmasıdır. Eyni zamanda neft və qaz məhsullarının ixracı da real ifadədə 10,4 faiz azalıb. Bu vəziyyət qeyri-neft sektoru üçün əlavə risklər yaradır.
İxracda artımın əsas səbəbləri arasında qara metallardan hazırlanan borularda 3,1 dəfə (210 faiz), qara metallardan hazırlanan çubuqlarda 2,4 dəfə (140 faiz) və elektrik enerjisində 72 faiz artım müşahidə edilib. Bu artım sevindirici olsa da, hər üç məhsul da qeyri-neft məhsuludur və xammal olaraq təbii sərvətlərə əsaslanır. Buna baxmayaraq neftin təsirinin olmadığı halda belə ciddi artım ümumilikdə müsbət dəyərləndirilə bilər.
Bundan başqa qeyri-neft ixracında mövsüm faktorlarının böyük rol oynaması da ehtimal olunur. Beləliklə, il sonuna yaxın bu sektorda daha yüksək göstəricilərin əldə edilməsi mümkün ola bilər".
Ekspert qeyd edib ki, ölkələrin Azərbaycana olan ticarət münasibətlərində isə ilk üçlük dəyişməyib. İtaliya, Türkiyə və Rusiya hələ də Azərbaycanın əsas ticarət tərəfdaşları olaraq mövqeyini qorumaqdadır.
Aysel Əkbər
Milli.Az