Premyer-liqanın 25-ci turunda “Səbail” doğma meydanda “Şamaxı”ya məğlub oldu.
Oyunu televiziyadan izləyəndə diqqətimi bir məqam çəkdi. Cavid Hüseynov 84-cü dəqiqəsində növbəti əvəzetməyə əl atdı. Yusif Nəbiyevin əvəzində meydana Mirabdulla Abbasov çıxdı. Onsuz da iş-işdən keçmişdi. Çətin ki, bu əvəzetmə oyununun axarını dəyişə bilərdi. Qonaq komanda yetərincə aqressiv oyun nümayiş etdirib, iki cavabsız qol vurmuşdu. “Şamaxı”nın futbolçuları hələ bir neçə əlverişli fürsəti də boşa vermişdilər. Mirabdulla hadisələrin belə axarını dəyişəcək gücdə deyildi.
Dərhal da onu xatırladım ki, qış fasiləsində Cavid Hüseynov Mirabdullanı böyük ümidlərlə komandasına dəvət etmişdi. O da, hücumçu özü də inanırdı ki, uzun müddət “böyük futbol”dan uzaq qalan Abbasov gərgin məşqlərdən sonra formasını bərpa edəcək, “dənizçilər”ə fayda verməyə başlayacaq. Qış fasiləsindən sonra artıq 7 tur arxada qalıb. Gözucu Mirabdullanın statistikasına baxdım. “Sumqayıt”la oyunu 90 dəqiqə ehtiyat oyunçular skamyasından izləyən Abbasov daha sonra “Kəpəz”lə qarşılaşmada da meydana çıxmayıb. “Turan Tovuz”la oyunda da Cavid Hüseynov onun köməyinə bel bağlamayıb. “Qarabağ”la qarşılaşmanın 86-cı dəqiqəsində Abbasov Alluşun əvəzinə qazona ayaq basıb. “Sabah”la qolsuz bitən oyunda Mirabdulla əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə şans qazanıb. “Araz Naxçıvan”la oyunda da Mirabdulla formasını tərlətmək fürsətinə sahib olmayıb.
Qısa müddətdə ikinci dəfə oxşar mövzuya toxunmaqla konkret kimisə hədəfə çevirmək, tənqid etmək fikrində deyil. Bu məsələdə günah təkcə Mirabdulla Abbasovda deyil. Heç Cavid Hüseynov da günahkar sayılmamalıdı. Məlum məsələdi ki, komandası çətin vəziyyətdə olan, məhdud büdcə ilə heyət formalaşdırmaq məcburiyyətində qalan çalışdırıcı hər vasitəyə əl atır. Lap “suda boğulan saman çöpündən yapışar” məsəlində olduğu kimi. Yanvarda Cavid bəy ümid edirdi ki, Mirabdulla əvvəlki formasını bərpa edəcək, yenidən qollar vuracaq. Amma ötən illər Mirabdulladan çox şey alıb. Necə deyərlər, ötən günə gün çatmaz, çalasan günü günə...
Günahkar Azərbaycandakı futbol mühitidi. Uşaqları düzgün yetişdirməyən futbol məşqçiləri, onlara düzgün istiqamət verməyənlər. Az-çox istedadı olanlar da qısa müddət ərzində şöhrətin zirvəsinə çatır, əlinə balaca pul düşən kimi “milyonçu”ya çevrilir, özünü oliqarx kimi aparır. Daha məşqlərdə əziyyət çəkmək, meydanda ora-bura qaçmaq həmin gənc futbolçu üçün maraqlı olmur. Necə ki, Mirabdulla kimi neçə-neçə gənc istedad vaxtından əvvəl itib-batır, onların ulduzu parlamamış sönür. Bu siyahıda Mirabdulla Abbasov, sadəcə, çoxsaylı adlardan biridi. Buna görə də onu günahlandırmaq istəmirəm.
Mirabdulla “Səbail”lə yenidən futbola qayıtmağa çalışanda özbək futbolçu Abdukodir Xusanov “Mançester Siti”nin maraq dairəsinə düşmüşdü. Ötən müddət ərzində bu keçid reallaşıb, artıq Qvardiola özbəkistanlı gəncə xeyli şans verib. O da əlinə düşən fürsəti yaxşı dəyərləndirib. Düzdü, ilk oyunda həyəcanına yenik düşüb, səhvə yol vermişdi. Amma sonra həyəcana qalib gəlməyi bacardı, “şəhərlilər”in heyətində qol hesabını da açdı, fevralın seçilənlərindən oldu. Artıq İngiltərədə Özbəkistan futbolunun adı sayğı ilə çəkilir. Daha bir özbək futbolçu “Roma”da adından söz etdirir. Eldor Şahmuradov “Atletik”lə oyunun qəhrəmanı oldu, son saniyələrdə vurduğu qolla İtaliya nəhənginə qələbə gətirdi. Bəli, bütün bunlar özbək futbolunun dünyadakı marka dəyərini də yüksəldir, özbəklərə tələbat artır. Onlardan biri bugünlərdə Azərbaycana gəlib. Özbəkistanlı müdafiəçi Behzod Holikulov “Karvan”ın düşəgəsindədi, Yevlax klubunun formasını geyəcək. Sonra başqaları gələcək və yavaş-yavaş mirabdullalara, ağadadaşlara, ağabalalara oynamaq üçün yer qalmayacaq. Bəlkə nə vaxtsa ayılacağıq, amma onda gec olacaq. Çox təəssüf...
AMAL
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта