
Almaniyanın Xristian Demokrat İttifaqından Bundestaq üzvü Kristian Hirte Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ilə bağlı olduğu deyilən rusiyalı bir şəxsi işə götürüb.
Reyting.az xəbər verir ki, "Frankfurter Allgemeine Zeitung" nəşrinin yazdığına görə, həmin rusiyalı Avropa Analiz və Strategiyalar Mərkəzinin (CASE) əməkdaşı 40 yaşlı Konstantin Xrapovdur. Üstəlik, onun təmsilçisi olduğu medianın təsisçiləri arasında iş adamı Mixail Xodorkovskinin adı da var.
Nəşr qeyd edir ki, "GetContact" xidmətinin hesabatına görə, Xrapov bəzi istifadəçilər tərəfindən "Fırıldaqçı", həm də "FSB Snitch" kimi siyahıya alınır.
Hirtenin dediyinə görə, o, Rusiya casusu olduğu söylənilən Xrapovla elə Rusiyada, Konrad Adenauer Fondunun Moskvadakı ofisində işlədiyi vaxtlarda tanış olub. Bir müddət ötəndən sonra Rusiya-Ukrayna müharibəsinin başlaması səbəbindən bu adam, yəni Rusiya vətəndaşı Xrapov kimi tanınan şəxs Berlinə köçüb və tezliklə Almaniyadan olan deputatla əlaqə qura bilib.
Nəticədə, 2023-cü ilin mart ayında Hirte rusiyalıya iş təklif edib. Onun sənədlərini yoxlamaq üçün öncə Alman təhlükəsizlik orqanlarına verib. İdialara görə, Xrapovun "FSB" və Rusiya hakimiyyəti ilə bağlı təşkilatlarla bəzi əlaqələri üzə çıxıb. Araşdırmalardan sonra da deputata rusiyalı ilə iş münasibətlərini 2024-cü ilin yayının sonu və payızın əvvəlində sakitcə dayandırmaq tövsiyə olunub. Daha sonra Xrapov guya öz fəaliyyətini Bundestaqda dayandırıb.
Deputatın işinin bir hissəsi kimi, Xrapov Rusiyadakı siyasi vəziyyət haqqında bəzi məqalələr yazmalı, həmçinin Vladimir Putin rejiminə qarşı çıxan, eyni zamanda xaricdə yaşayan rusiyalı müxalifətçilərlə əlaqə qurmalı idi. Nəşr yazır ki, Xrapovun ünsiyyətdə olduğu bu şəxslərin arasında siyasətçi və Rusiya əsilli milyonçu Mixail Xodorkovskinin adı da var. Biznesmenin mətbuat xidməti nəşrə bildirib ki, onun strukturları "keçmişini nəzərə alaraq bu adama qarşı həmişə ehtiyatlı olublar". Xodorkovskinin qeyri-rəsmi mənbələrinə görə, onun heç bir vaxt Xrapovla şübhəli əlaqələri olmayıb.
Kristian Hirtenin sözlərinə görə, casusluq şübhəsi ilə araşdırılan Xrapovun əslində Bundestaq məlumatlarına çıxışı olmayıb.
Almaniyanın Bundestaqında çaxnaşmaya səbəb olan casus məsələsinə münasibət bildirən Avropa Analiz və Strategiyalar Mərkəzinin həmtəsisçisi, siyasətçi Dmitri Qudkov deyib ki, Xrapov mərkəzdə işləməyib.
Oqtay QORÇU