“Bugünki konfrans ibtidai insanların yaşadığı qədim məskənlərin mühafizəsi ilə bağlı müzakirələrə rəvac verəcək”.
Ekologiya.az xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Adil Kərimli Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Qədim insan məskənlərinin mühafizəsi: Təhdidlər və müasir yanaşmalar” adlı beynəlxalq elmi-praktiki konfransda deyib.
Adil Kərimli bildirib ki, konfrans mədəni irsin ən qədim nümunələrinin qorunması, təbliği, tədqiqi, tanıdılması üçün yeni ideyaların və həll yollarının gündəmə gətirilərək müzakirəsi məqsədini daşıyır:
"Qədim insan məskənlərinin qorunması dövlət səviyyəsində, Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir. Tarixi mədəni irsin qorunması və bərpası üçün xüsusi dövlət proqramları hazırlanır.
Silahlı hücumlar zamanı maddi və mədəni irsin toxunulmazlığı qorunmalıdır. Hərbi təcavüz, torpaqların işğalda olması nəticəsində tarixi abidələr dağıdılmış, dünyanın ən qədim məskənlərində olan Azıx mağarasında qazıntılar aparılmışdır.
Gələcəkdə bu proqram nəticəsində işğaldan azad edilmiş torpaqlarda dağıdılmış mədəni irsimiz bərpa ediləcək. Mədəni həyat qayıdır, mədəni irs bərpa edilir. Bu bərpa işləri intensiv şəkildə aparılacaq. Həm dağıntıların, həm mədəni irsin bərpasının şahidi olacaqsınız.
Bu gün konsfransda müzakirə edilən məsələr nəinki Azərbaycanın, dünyanın mədəni irsinə töhfələr verəcək”.
Musavat.com