2024-cü ildə 39 məktəb ləğv edilib, 25 məktəb yaradılıb və 4 məktəbin tipi dəyişdirilib.
APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
“Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində 292, 333, 334, 335, 337 nömrəli tam orta məktəblər, Abşeron-Xızı Xırdalan Regional Təhsil İdarəsinin tabeliyində Xırdalan şəhər 11 nömrəli tam orta məktəbi, Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində Şəmkir rayonu Günəşli kənd tam orta məktəbi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində Samux rayonu Seyidlər kənd tam orta məktəbi yaradılıb.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində Tovuz şəhəri M.Ələkbərov adına tam orta məktəbi Fizika, riyaziyyat və informatika təmayüllü məktəbə çevrilmiş, Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində Beyləqan şəhəri 8 nömrəli tam orta məktəbi Humanitar fənlər təmayüllü liseyə çevrilib.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Qusar rayonu, Çərtgün kənd ibtidai məktəbi, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan Şuşa şəhəri 6 nömrəli, Xocalı rayon 2 nömrəli, Ağdam rayonu 149 nömrəli tam orta məktəbləri ləğv edilib”, - hesabatda qeyd olunub.
Eyni zamanda, 2024-cü ildə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) hesabına 57 təhsil müəssisəsində (3 peşə, 5 məktəbdənkənar, 1 uşaq bağçası, 48 ümumi təhsil müəssisəsi) tikinti-quraşdırma işləri aparılmış, həmin müəssisələrdən 46-sı yenidən tikilmiş, 11-i isə əsaslı təmir edilmişdir. 21 təhsil müəssisəsinin təmir-tikintisi başa çatdırılmış, 9 müəssisədə isə son tamamlanma işləri aparılır. Eyni zamanda, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsi üzrə Nazirliyə ayrılmış vəsait hesabına 215 təhsil müəssisəsində (11 peşə, 6 kollec, 11 məktəbdənkənar və 187 ümumi təhsil) cari təmir işləri aparılmışdır. 48 məktəbəqədər təhsil müəssisəsində cari təmir işləri yekunlaşmış, 113 müəssisədə isə işlər davam edir.