“Hesabat ilinin sonunadək işğaldan azad edilmiş ərazilərdə 10.2 mindən çox keçmiş məcburi köçkün (2615 ailə) artıq evlərlə təmin edilmişdir və orada yaşayırlar”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı deyib.
“Ümumilikdə isə 30 min insan bu ərazilərdə yaşamaqla müxtəlif sahələrdə çalışırlar. Bununla yanaşı, keçmiş qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədlərinə dövlət büdcəsindən 329 milyon manat vəsait yönəldilmişdir. İşğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, yaşayış və həyat üçün vacib olan yeni infrastrukturun qurulması prioritet təşkil edir. Ümumilikdə 2021-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 milyard manat vəsait ayrılmışdır, o cümlədən 2024-cü ildə 5 milyard 347 milyon manat. 2025-ci ildə 4 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulmuşdur.”,- baş nazir bildirib.
Əli Əsədov ötən il müdafiə xərclərinin həcmindən də söz açıb:
“Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, dövlət sərhədlərinin mühafizəsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbir və layihələrin icrası 2024-cü ildə də prioritet xərclər sırasında birinci olmuşdur.
Bu məqsədlə 2024-cü ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 6 milyard 562 milyon manat vəsait ayrılmışdır. Bu rəqəm 2023-cü illə müqayisədə 707 milyon manat və ya 12% çoxdur”.
Firuzə Əliyeva