RU

BMT: Münaqişə, yoxsulluq və aclıq ən çox uşaqlara təsir edir

İsveçrənin Cenevrə şəhərində BMT-nin erkən uşaqlıq dövründə inkişaf məsələlərinə həsr olunmuş konfransı keçirilib.

BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk tədbirdə üzv dövlətlərə müraciət edərək bildirib ki, münaqişə, aclıq, yoxsulluq və iqlim dəyişikliyi uşaqların inkişafını ləngidir, çünki bəzi ölkələrdə hökumətlər onlara qayğı göstərmir.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, Cenevrədə erkən uşaqlıq dövrü inkişafı ilə bağlı müzakirələr zamanı insan hüquqları üzrə ali komissar uşaqlara yönəlmiş siyasətə yenidən baxılması üçün müraciət edərək bildirib ki, insan beyninin 80 faizi ömrün ilk üç ilində formalaşır. O əlavə edib: “Erkən uşaqlıq dövrünə investisiyalar davamlı iqtisadi inkişafa nail olmağın ən ağıllı yollarından biridir. Araşdırmalar göstərir ki, yaxın perspektivdə iqtisadi gəlir yatırılan məbləğin 13 qatına qədər ola bilər”.

Cənubi Afrikanın Uşaq Dəstəyi Qrantına və Braziliyadakı “Bolsa Familia” proqramına istinad edən ali komissar qeyd edib ki, onlar ən çətin şəraitdə doğulan uşaqların hələ də ən vacib ehtiyaclarını təmin etməyə kömək edirlər. V.Türk deyib: “Uşaqlara qarşı bugünkü təhdidlər də virtualdır və gənclərin onlayn təhlükəsizliyi üçün heç də hər yerdə alətləri yoxdur. Eyni zamanda, hələ də uşaqların qida, əsas sanitariya və içməli suya əlçatanlığı bütün dünyada qeyri-bərabər olaraq qalır; hər beş nəfərdən ikisinin hətta əsas sanitar şəraitə çıxışı yoxdur”.

“İqlim dəyişikliyinin uşaqları və gələcək nəsilləri daha həssas hala gətirməsi ehtimalı var”, -deyən ali komissar bildirib ki, növbəti 30 ildə indikindən səkkiz dəfə çox uşaq həddindən artıq isti dalğalarına və iki dəfə çox şiddətli meşə yanğınlarına məruz qala bilər”.

BMT Baş katibinin uşaqlara qarşı zorakılıqla mübarizə üzrə xüsusi nümayəndəsi Najat Maalla Majid erkən uşaqlıq dövründə inkişafın cəmiyyətə daha geniş fayda verdiyini vurğulayaraq bildirib ki, BMT-nin Uşaq Hüquqları Konvensiyasında qeyd olunduğu kimi, “hətta ən gənc və ən həssas vəziyyətdə olanların da inkişaf, müdafiə və iştirak da daxil olmaqla, əsas hüquqları var”.

O qeyd edib ki, həyatın ilk bir neçə ilində hər saniyədə bir milyondan çox yeni sinir əlaqəsi yaranır, praktik pediatr, qayğı göstərənlərin olmadığı mühitdə uşaqların sağlamlığı, təhsili və davranışları təhlükə altına düşür. “Fiziki imkanları məhdud olan bir çox uşaq yoxsul və ya fövqəladə vəziyyətlərdə elementar səhiyyə xidmətlərindən də məhrumdur. Münaqişə və məcburi köçkünlük səbəbindən görünməmiş humanitar böhranı nəzərə alaraq, uşaqların inkişafı proqramlarının humanitar tədbirlər siyahısına salınmasını təmin etməliyik”, -deyə xüsusi nümayəndə vurğulayıb.

Избранный
21
1
xalqqazeti.az

2Источники