RU

Qrenlandiyanın birləşdirilməsi mümkün deyil - Danimarka

AKI, TurkicWorld

Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen, ABŞ prezidenti Donald Trampın Qrenlandiyanın ilhaqı ilə bağlı fikirlərini rədd edib.

TurkicWorld Azervoice-a istinadən xəbər verir ki, Rasmussen Qrenlandiyanın heç bir halda ilhaq oluna bilməyəcəyini vurğulayaraq, bunun beynəlxalq hüquqa zidd olduğunu bildirib.

Nazir jurnalistlərə açıqlamasında "Şimali Atlantika Müqaviləsi Təşkilatı, BMT Nizamnaməsi və beynəlxalq hüquqa əsasən, Qrenlandiyanın ilhaqı mümkün deyil" deyə qeyd edib.

Tramp isə dünən verdiyi açıqlamada Qrenlandiyanın ABŞ-a qoşulmasının “beynəlxalq təhlükəsizliyi gücləndirəcəyini” deyib. O, NATO-nun baş katibi Mark Ruttedən dəstək istəyərək, bu addımın "lazımlı" olduğunu vurğulayıb.

Qrenlandiyanın baş naziri Mute Egede Trampın bəyanatını sərt tənqid edərək, siyasi partiya liderlərini bir araya gətirəcəyini bildirib. O, “Bəsdir. Bu dəfə Trampın dediklərini rədd etmək üçün tonumuzu gücləndirməliyik” deyə açıqlama verib.

Rutte isə bu məsələdə NATO-nun iştirak etməyəcəyini bəyan edib. Bununla belə, Arktika bölgəsində Çinin və Rusiyanın artan fəallığını diqqətə çəkib və ABŞ-ın regiondakı təhlükəsizliyə daha çox önəm verməli olduğunu bildirib.

Qeyd edək ki, Trampın bəyanatı Qrenlandiyada keçirilən parlament seçkilərindən qısa müddət sonra gəlib. Adanın 57 minlik əhalisinin əksəriyyəti müstəqilliyi dəstəkləyən partiyalara səs verib.

Избранный
7
turkic.world

1Источники