RU

Panik atakla mübarizə üçün10 qızıl qayda

Sinədəki o sıxıntı, nəfəs almağı qeyri-mümkün edən o boğulma hissi, sıx bir qorxu dalğasından üzünüzə damlayan tər muncuqları. Ürəyiniz o qədər güclü və sürətlə döyünür ki, onu qulaqlarınızda hiss edirsiniz və bu, sizi gücsüz edir.

Əgər nə vaxtsa panik atak keçirmisinizsə və ya ondan müntəzəm olaraq əziyyət çəkirsinizsə, bu hisslər sizə tanışdır.

Panik atak qorxudur; o, hər şeyin normala döndüyünü düşündüyünüz zaman anidən yarana bilər və ya həyatınızın ən stresli fəslinin möhtəşəm finalı kimi uzun müddət yığılan stress, qorxu və narahatlıqdan sonra “partlaya bilər”.

Son illərdə panik ataklarda kəskin artım müşahidə edilir. Təəssüf ki, bu hücumlar təbiətdə gözlənilməzdir və biz insanlar qeyri-müəyyənliyə dözməyə hazır deyilik.

Bu qeyri-müəyyənlik insanların sosial həyatlarını daim qorxu və təşviş içində saxlayır, hər an atakın baş verəcəyini gözləməyə məcbur edir. İnsanların düşündüklərinin əksinə, bu, qeyri-ixtiyaridir və nəzarətsizdir. Türkiyəli psixiatriya mütəxəssisi, professor Zafer Oka görə, bu hücumlar yaxşı bir hadisənin ardından da baş verə bilər. Ani itkilər, qəzalar, boşanmalar və kəskin həyat dəyişiklikləri kimi stresli dövrlərdən sonra nə qədər tətiklənə bilsələr də varlandıqdan, evləndikdən və ya uşaq sahibi olduqdan sonra da baş verə bilər.

Qorxu və narahatlığın fiziki təzahürü

Panik atakların hamısı eyni simptomlara malik deyil və hər kəsdə fərqli hiss edilə bilər. Əksər insanlarda sinə ağrısı və ya başgicəllənmə kimi başlayır, lakin yenə də şəxsi təcrübədən asılıdır. İnsanlarda ən çox rast gəlinən əlamətlər izah edilə bilməyən ürək döyüntüsü, sinə narahatlığı, əzələlərdə gərginlik, qızartı, qolun uyuşması, soyuq tərləmə, titrəmə, ürəkbulanma, nəzarətin itirilməsi və nəfəs almaqda çətinlikdir. Görünən heç bir təhlükə olmamasına baxmayaraq, bu şiddətli qorxu və narahatlıq vəziyyəti sizdə hətta infarkt, insult, boğulma və ya ölmək kimi hisslər yarada bilər.

Oka deyir ki, bu hücumlar potensial təhlükə və ya təhdidlərlə qarşılaşdıqda bədənin qoruyucu siqnalizasiya sistemi lazımsız yerə şüurlu və ya şüursuz bir tətik tərəfindən işə salındıqda baş verir.

Panik pozğunluğu müalicə tələb edir

Hər bir insan həyatının bir dönəmində panik atak keçirə bilər. Ancaq əgər bu hücumlar həyatınız boyu təkrarlanır və ən azı iki dəfə baş verirsə psixiatrik müalicə lazım ola bilər.

Müalicə üçün ilk növbədə xəstəliyin səbəbini müəyyən etmək lazımdır. Xəstənin şəkərli diabet, qalxanabənzər vəzi hormonlarının artıqlığı kimi hormonal balanssızlıqlar, mitral qapaq prolapsusu (ürəkdə sürüşmə və ya qabarıqlıq) kimi ürək xəstəlikləri və ağciyər və ya nevroloji pozğunluqları qiymətləndirildikdən sonra heç bir əlaqə və ya xəstəlik aşkar edilməmişsə, onun psixoloji mənşəyi araşdırılır.

Siqaret, narkotik və ya alkoqol asılılığı və digər psixi sağlamlıq problemləri də bu cür ataklara səbəb ola bilər. Müalicə hər bir şəxsə uyğunlaşdırılır və xəstənin normal sosial həyatına qayıtmasına kömək etməyə yönəldilir.

Mütəxəssis panik atakın öhdəsindən gəlmək və ya onu dayandırmaq üçün 10 sadə addım və ya tədbiri tövsiyə edib:

Panik atakın ruh halı olduğunu dərk edin və bunu ötüb-keçən dalğalar kimi təsəvvür edin.

Özünüzə xatırlatın ki, siz tək deyilsiniz.

Panik atak keçirmiş digər insanlarla tanış olun və təcrübələrinizi bölüşün.

Panik atak keçirdiyiniz yerlərdən qaçmayın. Çətin görünsə də qorxu ilə üzləşmək daha yaxşıdır.

Panik atak zamanı gözlərinizi yummaq əvəzinə diqqətinizi bir yerə yönəldin. Gördüyünüz beş şeyi, toxuna biləcəyiniz dörd şeyi, eşitdiyiniz üç şeyi, qoxuya bildiyiniz iki şeyi və dadına baxa bildiyiniz bir şeyi tapın.

Sakitləşin və uzun dərin nəfəslərlə nəfəs alma sürətinizi azaltmağa çalışın. Hər gün məşq edin.

Hərəkət, idman və ya məşq edin. Bədəni aktiv saxlayın.

Yuxu rejiminizə diqqət yetirin və bir rejim qurun.

Sağlam, balanslı bir pəhrizlə qidalanın və müntəzəm yemək cədvəlinə əməl edin.

Diqqətinizi indiyə cəmləyin, sabah və gələcəyə görə narahat olmağı dayandırın.

Nubar Süleymanova, “İki sahil”

Избранный
17
ikisahil.az

1Источники