"Qalatasaray"da icarə əsasında çıxış edən Viktor Osimhenin gələcək karyerası hələ də şübhə altındadır.
Offsideplus.az xəbər verir ki, 25 yaşlı hücumçunun adı İspaniyanın "Barselona" klubu ilə hallanır. "Alanyaspor"a qarşı oyunda (4:0) het-trik edən nigeriyalı ulduz matçdan sonra jurnalistlərə açıqlamasında bu məsələyə aydınlıq gətirirb:
"Daha əvvəl də demişəm, mövsümün sonuna qədər bu məsələlərlə bağlı bir şey olmayacaq və bu klubun oyunçusuyam. Okan Hocam və prezidentimizlə cari sezonun axırında danışacağıq. Bu klubu çox sevirəm. Burda olduğum üçün xoşbəxtəm. Oturuşmuş bir nizam-intizam var. Ən önəmlisi klubun uğuru transferdə deyil. Məncə, düzgün yolla gedirik. Bu yolda komandaya yardım etmək istəyirəm. Mənim üçün ən önəmlisi budur".
Qeyd edək ki, Osimhen cari mövsüm "sarı-qırmızılar"ın heyətində 30 oyuna 26 qol və 5 assistlə yadda qalıb.
Xatırladaq ki, "Cim-Bom" turnir cədvəlində 27 oyundan sonra 71 xalla liderliyini davam etdirir. 2 oyun az keçirən "Fənərbağça" 61 xalla 2-ci, "Samsunsor" isə 26 turdan sonra 50 xalla üçüncü pillədə qərarlaşıb.