Gələcəkdə ölkələrimiz arasında əlaqələr qaz təchizatı ilə daha da möhkəmlənə bilər.
Day.Az xəbər verir ki, bunu Trend-ə XII Qlobal Bakı Forumu çərçivəsində açıqlamasında Bosniya və Herseqovinanın sabiq prezidenti Mladen İvaniç deyib.
O, Bosniya və Herseqovinanın Azərbaycanla çox yaxşı əlaqələrinin olduğunu xatırladıb və gələcəkə əməkdaşlıq imkanlarını dəyərləndirib:
"Azərbaycan xüsusilə müharibədən sonra Bosniya və Herseqovinaya çox kömək etdi. Bizdə də eyni problemlər var idi. Çünki Bosniya və Herseqovina kimi eyni müharibə ilə Azərbaycan da üzləşmişdi. Ümumilikdə, ölkələrimiz arasında, həqiqətən də, çox yaxşı, mehriban münasibətlər mövcuddur.
Gələcəkdə əlaqələrimizin qaz təchizatı ilə daha da möhkəmlənəcəyini qeyd etmək istərdim. Çünki Bosniya və Herseqovina hazırda Rusiyanın tədarükündən asılıdır. Belə olan halda biz alternativ enerji tapmağa çalışırıq. Mən ümid edirəm ki, qaz təchizatımız Azərbaycan qazı ilə Albaniya üzərindən keçən kəmərlə təmin ediləcək".
Sabiq prezident Qlobal Bakı Forumu haqqında da təəssüratlarını bölüşüb: "Qlobal Bakı Forumu xüsusən də çağırışlarla dolu bir zamanda çox yaxşı təşkil olunub. Çünki dünyada hər şey gözlənilmədən dəyişə bilir və hər şey mümkündür. Beləliklə, bir yerdə olmaq və fikirləri ilə bölüşə biləcək insanlarla təcrübə etmək dünya naminə çox faydalıdır. Bəlkə də, bu forumda üzləşdiyimiz problemlərə əsl cavablar tapa bilərik".