RU

Nüfuzlu alim, nümunəvi müəllim, etibarlı dost - Professor Natiq Qasımova yubiley təbriki

Hər bir dövlətin inkişafında, sağlam və intellektual cəmiyyətin formalaşmasında elm adamlarının, ziyalıların xidmətləri əvəzsizdir. Böyük alim Nəsirəddin Tusi “Əxlaqi – Nasiri” əsərində yazırdı: “Varlıqları ən aşağı dərəcədən kainatın ən şərəfli mərtəbəsinə qaldıran sənətdən daha şərəfli nə ola bilər?”

Bu günlərdə 65 illik yubileyini qeyd etdiyimiz iqtisad elmləri doktoru, professor Natiq Qasımov da belə şərəfli peşə sahiblərindən biridir.

Professor Natiq Qasımov 19 mart 1960-cı ildə Bakı şəhərində ziyalı ailəsəsidə dünyaya gəlib. Onun atası Azərbaycan iqtisad elminin görkəmli nümayəndəsi, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor, “Şöhrət” ordenli, Yazıçılar İttifaqının üzvü Əbülfəz Cəbrayıl oğlu Qasımovdur. Ağdamda "Çörək muzeyi"nin yaradılmasında mühüm rol oynamış mərhum profesor Əbülfəz Qasımovun (“Bərəkət”) keçdiyi həyat yolu heç şübhəsiz Natiq Qasımovun da elmi fəaliyyətə yönəlməsində mühüm rol oynayıb.

Natiq Qasımov 1982-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Aqrar Universiteti) iqtisadiyyat fakültəsini, 1992-ci ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) fərqlənmə diplomları ilə bitirib.

Professor Qasımov uzun illərdir ki, akademik fəaliyyətlə məşğul olur, tələbələrin yetişdirilməsində və elmi araşdırmaların inkişafında mühüm rol oynayır. O, hələ gənc yaşlarından elm sahəsində böyük uğurlar əldə edib. Belə ki, 1986-cı ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, iqtisad elmləri namizədi dərəcəsini alıb. 1996-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən ona dosent elmi adı, 1998-ci ildə iqtisad elmləri doktoru elmi dərəcəsi, 2004-cü ildə isə professor elmi adı verilib.

Natiq Qasımov təşkilatçılıq qabiliyyəti ilə də fərqlənib və buna görə yüksək vəzifələrə təyin olunub.

O, 1982-1989-cu illərdə Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatı İqtisadiyyatı və Təşkili İnstitutunda kiçik və baş elmi işçi vəzifələrində çalışıb. 1989-1993-cü illərdə Azərbaycan İqtisadçılar İttifaqında sədr müavini vəzifəsində işləyib. 1993–94-cü illərdə Azərbaycan Elmi Tədqiqat Yeyinti Sənayesi İnstitutunun direktoru olub. 1994-1996-cı illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin baş idarə rəisinin müavini vəzifəsində işləyib.

1998–2002-ci illərdə Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin direktoru olub. 2005-2010-cu illərdə Prezident yanında Ali Attestasiya Komissiyasında iqtisadiyyat sahəsi üzrə ekspert kimi fəaliyyət göstərib.

2000-2002-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyində baş idarə rəisinin birinci müavini vəzifələrində çalışıb. 17 yanvar 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə vergilər nazirinin müavini təyin edilib və bu vəzifədə 2010-cu ilin aprel ayına qədər xidmət göstərib. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə üçüncü dərəcəli Dövlət Vergi müşaviri rütbəsi verilib.

Natiq Qasımov müxtəlif sahələrdə və vəzifələrdə çalışsa da, elmi və pedeqoji faliyyətinə ara verməyib, elmi tədqiqatlarını davam etdirib, iqtisadçı kadrların hazırlanmasında fəal iştirak edib. O, 2010-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin "Əməyin iqtisadiyyatı və təşkili" kafedrasında, 2019-cu ildən "Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə" kafedrasında çalışıb. 2022-ci ildən isə "İctimai idarəetmə və sosial innovasiyalar" kafedrasının professorudur.

Professor Natiq Qasımovun akademik fəaliyyəti Azərbaycan iqtisadi elminin inkişafında mühüm rol oynayıb. O, Azərbaycanda bazar münasibətlərinə keçid şəraitində sosial islahatlar və cəmiyyət, sosial-iqtisadi inkişaf və demoqrafik proses problemləri üzrə tədqiqatlar aparıb. Onun tədqiqatları əsasən Azərbaycanda bazar münasibətlərinə keçid şəraitində sosial islahatlar və cəmiyyət, sosial-iqtisadi inkişaf və demoqrafik proses problemlərinə həsr edilib. Natiq Qasımov 4 beynəlxalq konfransın və 5 respublika elmi-praktiki konfransının təşkilatçısı olub. Onun 115-dən artıq elmi-praktiki əsəri, o cümlədən 14 monoqrafiya və kitabı müxtəlif dillərdə çap edilib.

Müəllifi olduğu məqalələr arasında 2020-2025-ci illərdə dərc olunmuş “Azərbaycan Respublikasında məşğulluğun və əmək bazarının tənzimlənməsi mexanizmi”, “Qarabağın hər bir guşəsini gülüstana çevirək”, “Рынок труда. Проблемы и особенности”, “Управление человеческими ресурсами в условиях рыночной экономики”, “Aqrar sektorun inkişafında yaşıl texnologiyaların tətbiqi imkanları”, “Aqrar sektorun inkişafının regionlarda insan kapitalının formalaşmasına təsirinin qiymətləndirilməsi” və digərləri aktuallığı cəhətdən seçilir.

Professor N. Qasımov, həmçinin, Respublikada aqrar iqtisadiyyatın inkişafına həsr olunmuş fundamental elmi və praktiki tədqiqatların müəllifidir. O, 10-dan çox elmlər namizədi, 30-a yaxın magistr dissertasiyasının elmi rəhbəri və məsləhətçisi olub. Bazar iqtisadiyyatına və əhalinin sosial problemlərinə həsr olunmuş xeyli sayda elmi-tədqiqat işinin müəllifidir. Həmçinin əsərlərində “yasıl iqtisadiyyat” problemlərinə, əhalinin sosial-iqtisadi problemlərinə xüsusilə yer ayırıb. UNEC-də fəaliyyət göstərən “Sahə iqtisadiyyatı” ixtisası üzrə Elmi Seminarın üzvüdür.

Onun uzun illər dövlət qurumlarında və akademik sahədə çalışması, iqtisadiyyat və idarəetmə üzrə fundamental araşdırmaları tədqiqatçılar üçün faydalı mənbədir.

Professor Natiq Qasımov bir sıra beynəlxalq və yerli konfranslarda, elmi-tədqiqat proqramlarında fəal iştirak etmiş, müxtəlif elmi layihələrə rəhbərlik etmişdir. O, həmçinin bir neçə nüfuzlu elmi təşkilatın üzvüdür və müxtəlif akademik jurnalların redaksiya heyətində yer alır.

Professor Natiq Qasımov ötən illər ərzində yalnız elm sahəsində uğur qazanmaqla kifayətlənməyib, həm də tələbələri üçün nümunəvi müəllim, həmkarları üçün etibarlı dost olub.

65 illik yubileyi ərəfəsində professor Natiq Qasımovu ürəkdən təbrik edirik! Ona möhkəm cansağlığı, yeni elmi nailiyyətlər və uğurlar arzulayırıq! Professor Natiq Qasımovun akademik fəaliyyətini bundan sonra da inkişaf etdirəcəyinə inanırıq!

Ən xoş arzularla,

İqtisad elmləri doktoru, professor (RF, TC, AR), Azərbaycan Respublikasının "Əməkdar müəllim” Zahid Fərrux Məmmədov

İqtisad elmləri namizədi, UNEC-in “Biznes və logistika” kafedrasının dosenti İsmayıl Elman oğlu İsmayılov

Избранный
9
azpolitika.info

1Источники