RU

Sağlamlığımız üçün ciddi təhlükə

Yazını böyüt
Yazını kiçilt

Tərkibi naməlum dərmanların istifadəsi orqanizmdə sağalması mümkün olmayan fəsadlara yol aça bilər.

Bu fikirləri hafta.az-a həkim, terapevt Rasif Bağırov deyib:

“İnternet üzrərindən bütün xəstəliklərlə bağlı dərmanlar satılır. Bəzən xəstələr həmin dərmanlardan həkimlə məsləhətləşmədən alıb istifadə edirlər. Bir neçə gün səhhətləri yaxşı olur. Sonradan isə daha ciddi fəsadlarla üzləşirlər. Hətta bəzi dərmanlar insanda asılılıq da yaradır. Xəstə tanıdığı, güvəndiyi həkimlə mütləq məsləhətləşməlidir. İnternet üzərindən dərman satanların adətən tibbi savadı belə olmur. Eyni zamanda, dərmanların çoxunun tərkibi haqqında məlumat yoxdur. Tərkibi bilinməyən dərmanların istifadəsi isə qalıcı fəsadlara yol aça bilər”.

Məsələ ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirir ki, internet üzərindən alınan dərmanların 70 faizi saxta olur: “Beynəlxalq İstehlakçı Təşkilatının verdiyi məlumata əsasən, internetdə satılan dərmanların 70 faizi saxtadır. Əhali internet üzərindən bir çox mallar, o cümlədən dərmanlar alırlar. Bu sahəyə kifayət qədər nəzarət olmadığından istehlakçılar keyfiyyətsiz dərmanlarla rastlaşırlar. Dünyada saxta dərman dövriyyəsi çox böyük bir büdcəyə malik rəqəmlə dövr edir. Azərbaycan da bu prosesdən kənarda deyil. Ölkəmiz  dünyanın həm də ən çox apteklər olan ölkələrindəndir. Mənim gördüyüm ölkələrdən 20 dəfə artıq aptek şəbəkəsi var. Azərbaycan istehlakçıları apteklərdə növbəyə duran istehlakçılardır, keyfiyyətsiz dərmanlara rast gələn istehlakçılardır və s. Xatırlayıram, 2000-ci illərdə Azərbaycanda Ümumdünya Gömrük Təşkilatının 4 günlük konfransı keçirilmişdi. Həmin tədbirdə dünyada saxta dərman dövriyyəsinin azaldılması üçün geniş müzakirə aparılmışdı. Amma heç bir nəticəyə gəlinməmişdi”.

Ekspert vurğulayır ki, bu sahəyə nəzarətin gücləndirilməsinin, davamlı monitorinqlərin aparılmasının və problemlərin qanunvericilik səviyyəsində həllinin tərəfdarıdır: “Bu məsələnin Ombudsman səviyyəsində qaldırılması yaxşı haldır. Alternativlər də olmalıdır. İlk növbədə, yerli dərman istehsalına başlanılmalıdır. Neçə ildir ki, Azərbaycanda müasir standartlara cavab verən dərman istehsalı zavodu tikilib. Həmin zavod heç 30 faiz öz gücü ilə işləmir. Nəyə görə? Ölkənin dərman siyasətini müəyyən edən insanlar Milli Məclisdə oturublar və fəal şəkildə dərman biznesi ilə məşğul olurlar. Ona görə də yerli istehsal yox dərəcəsinə gəlib çatıbdır”.

Избранный
19
hafta.az

1Источники