Bakı, 15 mart, AZƏRTAC
XII Qlobal Bakı Forumu bu dəfə də maraqlı və vacib məsələlərin müzakirəsi ilə davam edir. Dünya düzənini təhdid edən problemlərin müzakirəsi və həlli baxımından Qlobal Bakı Forumu mühüm platforma hesab olunur. Qlobal transformasiyanın ilkin mərhələsində olduğumuz bu dövrdə müxtəlif ölkələrdən fəaliyyətdə olan, eləcə də sabiq dövlət və hökumət başçıları Bakıda bir araya gələrək, yeni çağırışların imkanlara çevrilməsi yollarını müzakirə edirlər. Bu forumun əsas üstünlüklərindən biri də burada yeni ideyaların meydana gəlməsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib.
O bildirib ki, artıq 12 ildir ölkəmizin ev sahibliyi etdiyi Qlobal Forum beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında da vacib rola malikdir. Forum həm də istər ev sahibi, istərsə də qlobal proseslərin fəal iştirakçısı kimi Azərbaycanın təqdimatıdır.
"Ötən il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin iqlim konfransı - COP 29-un uğurları Qlobal Bakı Forumunda da təqdir olundu. Açılış nitqində Azərbaycan Prezidenti bəyan etdi ki, “Azərbaycanda COP29-u təşkil etmək qərarı ölkəmizin öz enerji sərvətlərinə çox məsuliyyətli yanaşmasından irəli gəlirdi. Böyük nailiyyətlərin əldə olunduğu COP29 “Bakı sıçrayışı” adlandırıldı və bu, mühüm irsdir.”
COP 29 iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə olmaqla yanaşı, həm də qərəzli dairələrin ifşası ilə yadda qaldı. Belə ki, dövlətimizin başçısı forum iştirakçılarının diqqətini COP29 ərəfəsində və konfrans zamanı ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasına da yönəltdi. ABŞ Dövlət Departamenti və Fransa Prezidentinin ofisinin təlimatlarını icra edən qaragüruh çevrələrin boykot kampaniyasının boşa çıxdığı bir daha vurğulandı",- deyə N. Məmmədova bildirib.
Deputatın sözlərinə görə, Qlobal Bakı Forumunun əsas mövzularından biri olan sülh və təhlükəsizliyə gəlincə, iştirakçılar bu məsələ ilə bağlı maraqlı təklif və ideyalar səsləndiriblər. Azərbaycanın isə mövqeyi bundan ibarətdir - Cənubi Qafqazda növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaradılmalı və normal qonşuluq şəraitində yaşamağa çalışmalıyıq.
Forum çərçivəsində, həmçinin postmünaqişə reallıqları da dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. “Sülhə gedən yol”, “Yeni dünya nizamında orta güclər”, “Sülh - münaqişə sonrası yenidənqurma və regional sabitliyin yenidən bərpası” mövzularında aparılan müzakirələrdə xüsusilə Qarabağda və Şərqi Zəngəzurda inkişafın təmin olunması üçün hazırlanan qayıdış və bərpa-quruculuq planı nümunə kimi qiymətləndirildi. Məqsədyönlü yanaşma sayəsində Azərbaycanın öz hədəflərinə çatacağına və bu təcrübə ilə bütün dünya üçün nümunə olacağına əminlik ifadə olundu. Təsadüfi deyil ki, əksər dövlətlər beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın öz gələcəyini daxili resurslar hesabına qurması baxımından təcrübəsinə isinad edirlər.
Azərbaycan Qlobal Bakı Forumu vasitəsilə dünyanın müxtəlif dövlətlərindən liderlərin, fərqli fikir daşıyan insanların birləşməsi üçün dialoq mühiti yaradıb. Hər il keçirilən ənənəvi Qlobal Bakı Forumu bu dəfə də rəylərin şaxələndirilməsi ilə seçilir, o cümlədən rasional arqumentlərin irəli sürülməsi ilə yadda qalır.