“Kəpəz” Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində Tovuz şəhər stadionunda “Qarabağ”la 0:0 hesablı heç-heçə edib.
Msport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra fikirlərini bildirib:
“Bütün azarkeşlərimizə təşəkkür edirəm. 1 xal da bizim üçün qənimətdir. “Qarabağ”a qarşı oynamaq həmişə çətindir. Normal oyun getdi. Uduza da bilərdik. “Qarabağ”a qarşı əks-hücumda oynamağa məcbursan”.
– Qurban Qurbanov dedi ki, meydança sulanmayıb. Bu fikirlə razısız?
– Qurban müəllimin sözünün qarşısında söz deyə bilmərəm. Dediyində həqiqət var.
– Ev matçlarınızın erkən saatlarda olması işığa qənaət etmək üçündür?
– “Kəpəz”də heç nəyə qənaət olunmur. Məşqçinin bütün istəkləri yerinə yetirilir. PFL oyunu hansı saata salsa, oynamağa hazırıq.
– Komandanın içində olan problemləri tapa bildiz?
– Komandamız üçüncü dövrədə ən yaxşılardan idi. Daxildə olan problemləri özümüz müzakirə edirik. Həmin problemlər tapılıb. Bugünkü oyun da bunun nəticəsidir.