İspaniya La Liqasının 28-ci turunda "Real Madrid" "Vilyarreal"ın qonağı olub.

Offsideplus.az xəbər verir ki, görüş Madrid təmsilçisinin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Kral klubu"nun heyətində dubl edən Kilian Mbappe cari mövsüm əflatun bəyaz formada vurduğu qolların sayını 31-ə çatdırıb. O, bu göstəricidə braziliyalı Ronaldonu üstələyib. "Yekədiş" bu komandada ilk mövsümündə 30 qol vurmuşdu.  

Bundan əlavə, fransız forvard Kristiano Ronaldonun gedişindən bəri komandada 1 mövsüm ərzində 30-dan çox qol vuran 2-ci futbolçu olub. Sonuncu dəfə Kərim Benzema bu göstəricilərə imza atmışdı (44 qol - 2021/22, 31 qol - 2022/23).

Qeyd edək ki, "Real Madrid" hazırda turnir cədvəlində 60 xalla liderdir. 2 oyun az keçirən "Barselona" 57 xalla ikinci yerdə qərarlaşıb. "Vilyarreal" isə 44 xalla 4-cüdür.