RU

“İfa etmək üçün dünyaya gəlmiş insan”: Mədəniyyət və incəsənət xadimləri Vaqif Mustafazadənin yaradıcılığı haqqında

Bakı, 16 mart, Anara Axundova, AZƏRTAC

Martın 16-da dünya şöhrətli azərbaycanlı pianoçu, bəstəkar, Azərbaycan SSR-in Əməkdar artisti, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, XX əsrin ən görkəmli caz pianoçularından biri, caz muğam janrının banisi Vaqif Mustafazadənin anadan olmasının 85 illiyi tamam olur.

Bu əlamətdar hadisə münasibətilə AZƏRTAC mədəniyyət və incəsənət xadimləri, musiqiçilər və musiqi sahəsinin nümayəndələri ilə söhbət edib.

Caz musiqiçisi, Azərbaycanın Xalq artisti, Əməkdar incəsənət xadimi Cavan Zeynallı:

- Vaqif Mustafazadə haqqında saatlarla danışa bilərəm... O, mənim üçün doğma insandır, biz çox yaxın idik. Mən hesab edirəm ki, bütün Yer kürəsində onun tayı-bərabəri yoxdur. O, tarixə düşüb. Bu insan muğamı cazla birləşdirməyi bacarıb. O, azərbaycanlıdır, muğam onun ürəyindədir. Amma Allah ona caz musiqiçisi istedadını da bəxş edib. Onun barmaqları royal üzərində necə də sürətlə hərəkət edirdi... 

Bir çox pianoçu heç olmasa nəsə tutmaq üçün onun barmaqlarını izləyirdi. O vaxt indi olan texniki imkanlar yox idi - video çəkmək üçün telefonlar yox idi. Ona görə də insanlar onun necə ifa etdiyinə baxıR və xatırlamağa çalışırdılar. Vaqif musiqiyə qərq olanda, ekstaza girəndə bütün bədəni ilə oynayırdı, tam olaraq musiqinin içində idi. O, bənzərsiz, ifa etmək üçün dünyaya gəlmiş bir insan idi. Onun musiqisi ömürlük, əbədi olaraq qalacaq.

Caz musiqiçisi, Azərbaycanın Əməkdar artisti Rain Sultanov:

- Vaqif Mustafazadə ustad, dünya miqyasında dövrünün parlaq şəxsiyyətidir. Şübhəsiz ki, onun caz ilə muğamı üzvi şəkildə birləşdirə bildiyi və bununla da musiqi tarixində yeni səhifə açdığı yenilikçi üslubunu qeyd etmək lazımdır. Düşünürəm ki, o, təkcə yaradıcılığı ilə deyil, həm də xarizması, qeyri-adi dünyagörüşü, eləcə də parlaq görünüşü ilə heyran edirdi. Onun musiqisinin təsiri o qədər böyükdür ki, o, bu günə qədər yeni nəsilləri ruhlandırmaqda davam edir.

Caz pianoçusu və bəstəkar, Azərbaycanın Əməkdar artisti Şahin Növrəsli:

- Vaqif Mustafazadə bir korifey, caz-muğam üslubunun banisi kimi dahi şəxsiyyətdir, onun yaradıcılığından həm mənim, həm də sonrakı nəsil dərs alır. Pianoçu musiqiçilərin gənc nəslinə nümunə olan oğlum Mirsəməd də indi Parisdə caz akademiyasına daxil olur – qəbul imtahanında “Əzizəni gözləyərkən” bəstəsini ifa edir. Vaqif Mustafazadə musiqisi həmişə aktual və müasirdir.

Избранный
16
azertag.az

1Источники