Ölkəmizdə ilk dəfə Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının sınaq versiyası üçün onlayn platforma hazırlanıb.
“Qafqazinfo” xəbər verir ki, Dövlət İmtahan Mərkəzində platformanın təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının doğma dilimizin inkişafı üçün əhəmiyyətli olacağını vurğulayıb. O bildirib ki, bir müddət öncə DİM mütəxəssislərlə birgə “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və sertifikasiya imtahanı modeli hazırlayaraq ictimaiyyətə təqdim edib. Həmin proqram Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyatdan keçirilib və müstəsna istifadə hüquqlarının Dövlət İmtahan Mərkəzinə məxsus olduğunu təsdiq edən şəhadətnamə verilib. Artıq imtahanın sınaq versiyasının onlayn platforması hazırdır.
“İstəyərdik ki, Azərbaycan Yazıçılar İttifaqının üzvləri də bu platformadan keçsinlər və bizə öz fikirlərini bildirsinlər. Data üçün ən azı bizə hər bir yaş həddinə aid 2 min nəfərin məlumatı lazımdır. Ümidvaram, bizim bu addımımızı Azərbaycan ictimaiyyəti qiymətləndirəcək”, - M. Abbaszadə söyləyib.
Gülnar Əliyeva