RU

“Mənə tez-tez deyirlər ki, bu, kişi işidir” – Qaynaqçı qadın işi ilə hər kəsi heyran qoyub FOTO

Lənkəran, 17 mart, İlkin Adıyev, AZƏRTAC

Qadınlar zərif və incə olmaqla yanaşı, müxtəlif sahələrdə, hətta ən çətin işlərdə belə güc və iradələri ilə seçilməyi, uğur qazanmağı bacarırlar. Belə qadınlardan biri Lənkəran rayonundan olan Qətibə Əhmədovadır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Q.Əhmədova 1961-ci ildə Lənkəranın Xolmili kəndində anadan olub. 1978-ci ildə Bakı Politexnik Texnikumunun Mexanika fakültəsini Metalşünaslıq və metalların texniki emalı ixtisası üzrə bitirib. 1984-cü ildə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində çalışmağa başlayıb. 41 ildir həmin müəssisədə pedaqoji fəaliyyətlə məşğuldur. Ötən dövrdə yüzlərlə gəncin bilik və bacarıqlarını inkişaf etdirməsinə töhfə verib.

Q.Əhmədova 2017-ci ildən Mərkəzdə qaynaqçı qrupunun istehsalat təlim ustası kimi fəaliyyətini davam etdirir. O, bu sahə üzrə diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərərək sübut edib ki, əzmkarlıq və zəhmət insanı istənilən sahədə zirvələrə apara bilər.

“Mənə tez-tez deyirlər ki, bu, kişi işidir. Qadın bunu bacarmaz. Amma mənim üçün fərqi yoxdur. Qadınlar hər sahədə uğur qazana bilərlər. Dövr dəyişib, dünya inkişaf edib və artıq qadınlar ən çətin peşələrdə də öz bacarıqlarını göstərirlər. Mən də qaynaqçı olmağı seçdim və illərdir bu sahədə çalışıram. İşimi sevirəm, çünki bu, təkcə bir peşə deyil, həm də gənclərə bilik və bacarıq aşılamaq imkanıdır. Mən dəfələrlə sübut etmişəm ki, əgər insan istəsə, iradə və zəhmətlə hər bir çətinliyin öhdəsindən gələ bilər”, - deyə qaynaqçı xanım bildirir.

Q.Əhmədova deyir ki, dəfələrlə doğmalarından “Bu sənət sənə çətin olar” ifadəsini eşitsə də, öz qətiyyəti və iradəsi ilə bütün maneələri aşmağı bacarıb. O, inanır ki, əlləri ilə təkcə metal parçaları birləşdirmir, eyni zamanda, cəmiyyətdə bu peşəyə baxışı dəyişir. Qadınların istənilən sahədə öz bacarıqları ilə fərqlənə bilməsinə inam yaradır. Bu fədakar qadın yalnız qaynaqçı ixtisası üzrə dərs keçməklə kifayətlənmir, həmçinin tədris müəssisəsində lazımi avadanlıqları qaynaq edərək, işinə olan sevgisini əməlləri ilə göstərir. Onun zəhməti və əzmi bu peşəyə maraq göstərən gənclər üçün əsl nümunəyə çevrilib. “Məktəbimizə yeni müəllimlər gələndə işimlə maraqlanırlar. Xüsusilə kişi müəllimlər gəlib işimi izləyirlər. Qaynaq işi diqqət və səbir tələb edir. Çünki kiçik bir səhv gözlərə təsir edə bilər. Mən də ilk vaxtlar bunu hiss edirdim - gözlərim sulanırdı, şüa məni narahat edirdi. Amma zamanla alışdım, daim qoruyucu vasitələrdən istifadə etdim və işi daha peşəkarcasına yerinə yetirməyə başladım. İllər keçdikcə bu sahədə daha da püxtələşdim və sübut etdim ki, əgər insan istəsə, heç bir maneə onu yolundan döndərə bilməz”, – deyə Qətibə xanım vurğulayır.

Qaynaqçı xanım inanır ki, çətinliklərə baxmayaraq, bu sahədə uğur qazanması, onun güc və əzminin təzahürüdür. O, yalnız qaynaqçı kimi deyil, həm də gənclərə örnək olan, cəmiyyətin bu peşəyə baxışını dəyişdirən xanım kimi iz buraxıb. Həm də ənənəvi olaraq, kişilərin çalışdığı qaynaqçı işində öz bacarığı və əzmi ilə hər kəsi heyran qoymağı bacarıb.

Избранный
28
azertag.az

1Источники