RU

Çexiya “Azadlıq Radiosu” ilə bağlı QƏRAR VERDİ

Çexiya hökuməti, ABŞ-ın maliyyə dəstəyini dayandırdığı Praqa mərkəzli “Azad Avropa/Azadlıq Radiosu”nun (RFE/RL) gələcəyini Avropa İttifaqında müzakirəyə çıxarmaq niyyətindədir.

KONKRET.az xəbər verir ki, ölkənin xarici işlər naziri Yan Lipavski bildirib ki, bu media qurumunun fəaliyyətinin davam etməsi Avropanın maraqlarına uyğundur.

Lipavski məsələni digər Aİ ölkələrinin rəsmiləri ilə görüşündə qaldıracağını açıqlayıb. Onun sözlərinə görə, “Azadlıq Radiosu”nun Çexiya və Avropa üçün əhəmiyyətini nəzərə alaraq, siyasi qərar verilməlidir. “Bizim marağımız, totalitarizmin qonşuluğumuzda inkişaf etməsinin qarşısını almaqdır”, – deyə o qeyd edib.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın administrasiyası, xaricə yayım edən Amerika mediasının yüzlərlə əməkdaşını məcburi məzuniyyətə göndərib. AFP-nin məlumatına görə, bu qərar “Amerikanın Səsi” və “Azadlıq Radiosu”nun işçi heyətinə ciddi təsir edib.

Media qurumlarının əməkdaşlarına ofislərə girişin qadağan olunduğu, jurnalist vəsiqələri və iş avadanlıqlarının təhvil verilməsi barədə rəsmi bildirişlər göndərilib. “Azadlıq Radiosu”nun rəhbəri Stiven Kapus dövlət maliyyələşdirilməsinin dayandırıldığını təsdiqləyib və bunun 75 ildir fəaliyyət göstərən qurumun yayımını dayandırmasına səbəb ola biləcəyini bildirib.

Aysu İbrahimova
KONKRET.az

Избранный
17
konkret.az

1Источники