RU

Arıqlama kofelərinin pərdəarxası: Reklam edilən möcüzə, yoxsa təhlükə?

Son illərdə sosial şəbəkələrdə və məşhurların reklamlarında tez-tez rast gəlinən arıqlama kofeləri böyük populyarlıq qazanıb. İstehsalçılar bu məhsulların təbii tərkibli olduğunu, heç bir yan təsirinin olmadığını və qısa müddətdə arıqlamağa kömək etdiyini iddia edirlər. Lakin həkimlər və qidalanma mütəxəssisləri bu cür vasitələrin ciddi sağlamlıq problemlərinə yol aça biləcəyini bildirir.

Yenisabah.az bu məsələ haqda ətraflı məlumat öyrənib.

Bu məhsulların əsas fəaliyyət mexanizmi iştahanı azaltmaq və bədəndəki suyun atılmasını sürətləndirməkdən ibarətdir. Bəzi hallarda kofein və bitki ekstraktları metabolizmi artıraraq daha çox kalori yandırmağa kömək edir. Lakin bu təsir müvəqqəti olur və uzunmüddətli arıqlama üçün effektiv sayılmır. Bir müddət sonra bədən bu təsirə alışır və çəki itkisi dayanır.

Tərkibində nələr var?

Arıqlama kofelərinin tərkibində əsasən aşağıdakı maddələr mövcuddur:

Kofein – Maddələr mübadiləsini sürətləndirir. Lakin yüksək dozada ürək döyüntüsünü artırıb narahatlıq yarada bilər.

Laksatiflər və diuretiklər – Orqanizmdən su və elektrolitlərin itirilməsinə səbəb olur. Bu, müvəqqəti çəki itkisinə gətirib çıxarır, lakin piylərə təsir etmir.

Sinefrin, efedra və digər stimulantlar – Qan təzyiqini yüksəldir, ürək ritmini poza bilər.

Mütəxəssislər bildirirlər ki, bu tip arıqlama vasitələri ciddi sağlamlıq riskləri daşıyır. Onların tərkibindəki stimulantlar və laksatiflər ürək-damar xəstəlikləri, elektrolit balansının pozulması və həzm sistemi problemləri yarada bilər. Bundan əlavə, bu cür məhsullar hormonal balansın pozulmasına, menstrual dövr problemlərinə və hətta sonsuzluğa səbəb ola bilər.

Həkimlərin fikrincə, orqanizm süni şəkildə arıqladıqda, maddələr mübadiləsi pozulur və bu, ciddi sağlamlıq problemlərinə gətirib çıxara bilər.

Son dövrlərdə bir çox istifadəçi arıqlama kofelərindən istifadə etdikdən sonra baş gicəllənməsi, ürəkbulanma, ishal və hətta ciddi böyrək problemləri ilə üzləşdiklərini bildirir. Bəzi ölkələrdə bu məhsulların tərkibinə görə qadağan olunmasına baxmayaraq, internet üzərindən satışı davam edir.

Qeyd edək ki, məşhur simaların və influenserlərin bu məhsulları reklam etməsi onların təhlükəsiz olduğu təəssüratını yaradır. Halbuki, çox vaxt bu şəxslər məhsulu özləri istifadə etmədən, yalnız pul müqabilində reklam edirlər. İstifadəçilər isə nəticə əldə etmək ümidi ilə sağlamlıqlarını riskə atır.

Aytac Şahin


Telegram kanalımız
Избранный
10
yenisabah.az

1Источники