BAKI,TurkicWorld
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşlə görüş keçirib.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, görüşdə regional və beynəlxalq məsələlər, eləcə də Türkiyənin BMT çərçivəsində oynadığı rol müzakirə edilib.
Nazir Fidan, Cenevrəyə Kipr mövzusunda genişləndirilmiş qeyri-rəsmi toplantıda iştirak etmək üçün səfər edib. Bu çərçivədə o, BMT Baş katibi Quterreşlə bir araya gələrək Kipr məsələsi, Qəzza zolağında davam edən humanitar böhran, Ukrayna-Rusiya müharibəsinin təsirləri və beynəlxalq sülh və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb.
Görüşdə xüsusilə Kipr münaqişəsinin ədalətli və davamlı həlli üçün atılacaq addımlar, BMT çərçivəsində aparılan sülh səyləri və tərəflər arasında danışıqlar prosesinin bərpası müzakirə olunub.
Hakan Fidan, Türkiyənin Kipr türklərinin hüquq və mənafelərinin qorunmasına sadiq qaldığını və adada iki dövlətli həllin əhəmiyyətini vurğulayıb.
Bundan əlavə, nazirlə BMT Baş katibi Qəzza zolağında baş verən humanitar böhran və İsrailin hücumları fonunda atılacaq beynəlxalq addımları dəyərləndirib. Türkiyə, bölgədə atəşkəsin təmin edilməsi, humanitar yardımın fasiləsiz davam etdirilməsi və münaqişənin uzunmüddətli siyasi həllinin tapılması üçün BMT-nin daha aktiv rol almasını tələb edib.
Görüşdə həmçinin Türkiyənin Ukrayna-Rusiya müharibəsində vasitəçilik səyləri, Qara Dəniz Taxıl Təşəbbüsünün yenidən işə salınması və regionda təhlükəsizliyin təmin olunması məsələləri müzakirə edilib. Hakan Fidan, Türkiyənin sülh danışıqlarına dəstək verməyə davam edəcəyini və beynəlxalq sabitliyə töhfə vermək üçün diplomatik kanalların açıq saxlanmasının vacibliyini qeyd edib.
Görüş, səmərəli fikir mübadiləsi şəraitində keçib və Türkiyə ilə BMT arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.