“Rusiya Federasiyası Qəzza zolağında hərbi əməliyyatların bərpasından dərin təəssüf hissi keçirir”.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya XİN-in bəyanatında deyilir.
Moskva İsrail və Fələstin tərəflərini qarşılıqlı məqbul kompromis həll yolunun hazırlanmasına yönəlmiş danışıqlar prosesinə qayıtmağa çağırır.
“İsrail ordusu martın 18-nə keçən gecə Qəzza zolağında bir sıra hədəflərə, o cümlədən Fələstin anklavının mərkəzindəki Nuseyrat və Əl-Məvasi qaçqın düşərgələrinə irimiqyaslı hücumlar həyata keçirib. Qəzza tibb xidmətlərinin məlumatına görə, 300-dən çox insan həlak olub, daha bir neçə yüz nəfər yaralanıb. Moskva İsrailin Qəzza zolağında hərbi əməliyyatı bərpa etməsindən dərin təəssüf hissi keçirir. Təcrübə göstərir ki, girovların azad edilməsi məsələsini güc yolu ilə həll etmək mümkün deyil. Moskva İsrail və Fələstin tərəflərini Qəzza zolağında vəziyyətin davamlı şəkildə normallaşdırılmasını təmin edəcək və Fələstin anklavının tammiqyaslı bərpasına başlanacaq danışıqlar prosesinə qayıtmağa çağırır”, – Rusiya Xarici İşlər Nazirliyi vurğulayır.
Müşviq Tofiqoğlu
KONKRET.az